Xəbər lenti

Delimitasiya hansı dövrün xəritəsinə uyğun aparılacaq? (ŞƏRH)
Siyasət 16:14 16.05.2024

Delimitasiya hansı dövrün xəritəsinə uyğun aparılacaq? (ŞƏRH)

"Delimitasiya zamanı sərhədin müxtəlif hissələrinə müxtəlif illərin xəritələri tətbiq olunmalıdır".
 
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq XİN rəhbəri Tofiq Zülfüqarov deyib. 

Tofiq Zülfüqarov bildirib ki, bir neçə ay bundan əvvəl Nikol Paşinyan 1975-ci il xəritəsinin əsas götürülməsində maraqlı olduğunu deyəndə, Azərbaycan tərəfi birmənalı olaraq buna yox deyib:

"Sərhədin müxtəlif hissələrinə münasibətdə müxtəlif illərin xəritələri istifadə olunacaq. Burada məntiq odur ki, hazırda qaytarılacaq 4 kəndlə bağlı sərhəd iki ölkənin ümumi sərhədinin 1 faizindən də azdır. Bu hissə bolşevik Rusiyanın işğalı dövründən birmənalı olaraq dəyişməyib. Digər yerlərdə isə xeyli dəyişiklik baş verib. Göyçə mahalı, Zəngəzur Ermənistana verilib. Ermənistanın marağı odur ki, sovet dövründə qopardıqları ən böyük əraziləri təsdiqləsin. Lakin bu o anlama gəlmir ki, Azərbaycan onunla razıdır". 
 


Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın mayın 15-də olan 9-cu görüşünün yekunları üzrə mətbuat açıqlaması yayılıb. Görüşün gedişində komissiyalar onlar tərəfindən qəbul edilmiş 2024-cü il 19 aprel tarixli 8-ci görüşün Protokoluna uyğun olaraq görülmüş işləri müzakirə edib və Sovet İttifaqı çərçivəsində onun süqutu dövründə mövcud olmuş hüquqi cəhətdən əsaslandırılan respublikalararası sərhədə uyğunlaşdırılması məqsədilə bilavasitə Bağanıs Ayrım (AR) - Bağanis (ER), Aşağı Əskipara (AR) - Voskepar (ER), Xeyrımlı (AR) – Kirants (ER) və Qızılhacılı (AR) - Berkaber (ER) yaşayış məntəqələri arasında sərhəd xəttinin hissələrinin SSRİ SQ Baş Qərargahının 1979-cu ildə növbətçilik prosedurunu keçmiş 1976-cı il tarixli topoqrafik xəritəsinə uyğun olaraq yerdəki geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi nəzərə alınmaqla birgə tərtib olunmuş Protokol-təsvirini razılaşdırıblar. Bu açıqlama belə deməyə əsas verir ki, Qazaxın adı çəkilən 4 kəndlə bağlı sərhədlərin delimitasiyası 1976-cı ilin xəritəsinə uyğun aparılacaq. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->