Dünya 15:38 29.03.2024

“Bir neçə ərəb ölkəsi İsraili tanımağa hazırdır” - Bayden

ABŞ prezidenti Co Bayden bildirib ki, ərəb ölkələri, o cümlədən Səudiyyə Ərəbistanı Qəzza zolağında münaqişənin həlli ilə bağlı gələcək razılaşmada İsraili tam şəkildə tanımağa hazırdır.
 
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg” məlumat yayıb.

ABŞ liderinin sözlərinə görə, iki dövlətin yaradılması üçün fəaliyyət planı hazırlamaq lazımdır.

"Mən Səudiyyə Ərəbistanı və Misir, İordaniya və Qətər də daxil olmaqla bütün digər ərəb ölkələri ilə işləmişəm. Onlar İsraili tam tanımağa hazırdırlar”, - Bayden Nyu Yorkda "Radio City Music Hall”da keçirilən kampaniyada bildirib. Onun sözlərinə görə, iki dövlət planı hazırlanmalıdır, lakin bu, "hökmən deyil ki, bu gün baş versin”.

Agentliyin məlumatına görə, tədbirdə iştirak edən Bayden və digər demokrat prezidentlərin çıxışları ən azı dörd dəfə Fələstin tərəfdarı etirazçılar tərəfindən kəsilib. Onlar Ağ Evdən İsraili Qəzza zolağında cilovlamaq üçün aktiv fəaliyyət göstərməsini tələb ediblər.

Qeyd edək ki, İsrail və Fələstinin HƏMAS hərəkatı arasında müvəqqəti atəşkəs üzrə sonuncu danışıqlar martın əvvəlində Qətərdə baş tutub. Danışıqlarda Qətər, ABŞ və HƏMAS nümayəndələri iştirak ediblər. Martın 13-də Əl-Ərəbiyyə telekanalı HƏMAS-ın Qəzza zolağında ABŞ-ın təklif etdiyi atəşkəs planına razılaşdığını, lakin sonradan hərəkatın bu məlumatı təkzib etdiyini bildirib.

Eyni zamanda, İsrail Qəzza zolağının cənubunda, xüsusən də Misirlə həmsərhəd olan Rəfah şəhərində quru əməliyyatına hazırlaşır. BMT-nin son məlumatlarına görə, orada 1,3 milyondan çox fələstinli sığınıb. Martın 22-də İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, ölkə ABŞ-ın dəstəyi olmadan belə hərbi əməliyyat keçirmək niyyətindədir.

Nizami Bağırov