Dünya 15:14 29.03.2024

Fransa terror təhlükəsi üzündən Paris Olimpiadasının açılış mərasimini ləğv edə bilər

Fransanın Daxili Təhlükəsizlik Baş İdarəsi Olimpiya Oyunlarının açılış mərasimi günü terror aktlarının törədilməsi ehtimalından narahatlığını bildirib.
 
Qaynarinfo xəbər verir ki, bu barədə "Europe 1” məlumat yayıb.

"Crocus City Hall”da baş verən son terror aktı fonunda Fransada terror təhlükəsi "çox yüksəkdir”. Radionun məlumatına görə, təhlükəsizlik xidməti "Olimpiya Oyunlarının açılış mərasimi günü dünyanın hər yerindən olan kameralar qarşısında koordinasiyalı hücum senarisindən mümkün qədər qaçmaq istəyir”. Adı açıqlanmayan bir kəşfiyyat mənbəsinə görə, Fransa mərasimi ləğv edərək "B planına” keçməlidir. Senada çay paradını nəzərdə tutan hazırkı formatda mərasimin "olduğu kimi qalması çox risklər yaradır".

Parisdə Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

Bundan əvvəl "Crocus City Hall”da baş verən terror aktından sonra Fransa prezidenti Emmanuel Makron Müdafiə və Milli Təhlükəsizlik Şurasını terror təhlükəsi səviyyəsini ən yüksək səviyyəyə qaldırmağa çağırıb. Olimpiya Oyunlarında təhlükəsizliyi təmin etmək üçün Fransa höküməti 20 minə qədər hərbçi cəlb etmək niyyətindədir.

Nizami Bağırov