Xəbər lenti

Dünya 18:57 16.05.2024

"Müxalifət Zurabişvilinin ətrafında birləşsə, "Gürcü Arzusu" uduzacaq" - Politoloq

"Müxalifət qarşıdakı seçkilərdə hazırkı prezident Salome Zurabişvili ətrafında birləşə bilsə, "Gürcü Arzusu" seçkiləri uduzacaq".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Gürcüstanda artmaqda olan Rusiya-Qərb qarşıdurmasını şərh edərkən deyib. 

Ekspert bildirib ki, indilikdə isə İvanişvili hökuməti istədiyinə nail olur:

"Küçə mitinqlərinin parlamentin işinə təsiri yoxdur. Prezident Zurabişvilinin "Xarici agenrtlər haqqında” qanuna veto qoymasından sonra, parlament yenidən vetonu üstələyəcək. Nəticədə qanun qüvvəyə minəcək. Ondan sonra isə etiraz mitinqlərinə məhəl qoymadan hökumət qanunun icrası üçün müəyyən qərar və sərəncamlar verəcək. Bir müddətdən sonra insanlar küçə yürüşlərindən yorulacaq. Zorakılığa əl atsalar, əhaliyə qarşı zor işlədiləcək. İvanişvili açıq şəkildə deyib ki, nə Yanukoviç, nə də Şevarnadzedir. Belədə sərt tədbirlər görməkdən çəkinməyəcəyini bildirib.  Ardınca seçkiləri gəlir". 
 


Politoloqun fikrincə, bu seçkilərdə dağınıq müxalifət vahid mövqeyı gələ və Zurabişvili ətrafında birləşə bilsə, hakim partiya seçkiləri uduzacaq:

"Onda hökumətin dəyişməsilə "Xarici agentlər haqqında qanun" da ləğv olunacaq. Hələlik isə əhalinin etirazlarına rəğmən İvanişvili öz xəttini sərt şəkildə həyata keçirir". 

Zərdüşt Əlizadə qeyd edib ki, hadisələrə hər zaman tarixi inkişaf axınının istiqamətinə baxmaqla fikir söyləyir: 

"Tarixi inkişaf axını isə Qərbə tərəfdir. Rusiya isə mütəmadi olaraq zəifləyir, mövqelərini itirir. Son nəticədə Gürcüstanın Rusiyanın təsiri altından  çıxaraq Qərbə istiqamətlənməsi qaçılmazdır. Bunun sadəcə olaraq, geci tezi var".

Qeyd edək ki, Gürcüstanda "Xarici agentlər haqqında" qanunun qəbulu fonunda Qərb-Rusiya qarşıdurması kəskinləşir. Litva, Latviya, Estoniya və İslandiyanın XİN rəhbərlərinin müxalifətə dəstək olaraq mitinqlərə qoşulması Tiflis meri Kaxa Kladzenin kəskin etirazına səbəb olub. Tiflis merinin sözlərinə görə, Aİ ölkələri xarici işlər nazirlərinin hərəkətləri ölkədə "qütbləşmə" cəhdidir və Gürcüstana qarşı "düşmənçilik" təzahürüdür.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->