Nəsimi Şərəfxanlı

Bir neçə gün sonra hamı yazacaq, danışacaq... Qabağa düşmək deyə bir iddiam yoxdu.  Sadəcə, indi istədim, indi yazdım, vəssəlam. Həm də bu yazıda nə Onun haqda xatirə danışacam, nə də Ona tərif yazacam...

"Dədəm Qorqudun Kitabı”nda belə bir ifadə var: "Üç canavar qalınlığında qaftan”. Bu, keçilməzlik, ən dəhşətli vəhşiliyin qarşıalınması anlamında işlənir. Bax həmin "üç canavar qalınlığında qaftan”dan danışacam. Uşaqlıq xatirəmdə ilişib qalan üç məqam...

Kənddə doğulub şəhərdə böyüsəm də hər zaman içimdə bir kənd zirvəsi olub. Zaman və məkan imkanım olan hər anımı kəndimizdə keçirmək istərdim. İndi özüm gedib-gələ bilsəm də uşaqlığımda bu anlarım-kəndli günlərim daha çox olub. Bizim kənd Araz qırağında yerləşir, əlini uzatsan və tikanlı məftillər qolunu yaralamasa, o tayın bağından meyvə dərərsən. Bax həmin o kənddə "Çalağay” adlanan bir məkan vardı. Hamı səhər o başdan malını, qoyununu bu Çalağaya toplar, burdan da kimin növbəsidirsə (nobatı) kəndin sürüsünü o aparardı. Yay aylarında sürü üçün ən münbit yer "qranis”in (Araz boyu çəkilən tikanlı məftillərə belə deyərdik) dibi idi. Mən yaşda və xüsusən şəhər uşağının bu prosesdə əvvəldən axıra olması mümkünsüz idi. Amma bir neçə dəfə "qranis”ədək getmişdim. O tay elə cəlbedici idi ki... Evlər, adamlar, ağaclar, arabaya yüklənən otdan tutmuş dəryazadək hər şey aydın görünürdü və eynən bu taydakı kimi idi. Mən- nümunəvi sovet uşağı, pioner elə bilirdim sovet sərhədlərindən o yana hər şey başqa cürdü, qara rəngdədir, amma burdan baxanda önüm də, arxam da bir almanın yarıya bölünmüşü kimiydi... 

Məni uşaq marağı bürüyürdü və həmin uşaq o taydakı oxşarlığın sehrindəydi: əl uzatsan əlin çatar, amma çox baxmaq da yasaqmış sən demə...

... İkinci bir məqam şəhərdən kəndə gedişimizlə bağlı idi. Qatarla gedərdik. Bakıdan çıxan qatar  indiki Beyləqan rayonunda, Daşburun stansiyasında saatlarca saxlayırdı. Əli silahlı, üzü sərt, qulağı sarı rus əsgərləri hamının sənədlərini bir-bir yoxlayardı. Heç kimlə Azərbaycan dilində danışmazdılar (zatən heç bilmirdilər ki, bizim dili), heç kimə güzəşt etməzdilər, Daşburundan o yana Araz boyu kəndlərə gedənlər bu kəndə qeydiyyatda deyildilərsə, burda anadan olmamışdılarsa, bir sözlə ora getməyə əsaslı səbəbləri yox idisə qatardan düşürülürdü.  Mən, həmin nümunəvi sovet uşağı, pioner "dünyanın ən sülhsevər dövlətinin” – SSRİ-nin  qulağı sarı əsgərinin hərəkətlərinə təəccüb edirdim. Nəsə qaydasında deyildi. Həm də yalınız bu əsgərlərin niyə silahlı olması, niyə başqa dildə danışması yox... Çox şey...

... Yay tətillərində kənddə şahidi olduğum digər bir kampaniya da mənə maraqlı gəlirdi. Demək yayın cırhacırında kəndin cavan oğlan-qızları Bakıya üz tuturdu, özü də xüsusi yolasalma, təmtaraqla. Üstündən bir neçə gün keçəndən sonra həmin gənclər döyüşdə məğlub olmuş əsgərlər kimi geri dönürdü. Uşaq ağlımla böyüklərin söhbətindən belə anlayırdım ki, "İnistuta girə bilməyiblər”, "Konkursa düşüblər”, "Pulları çatmadı” və s.  Bax onda mənim gözümdə "İnistut" bir əjdahaya dönmüşdü.  Bir yabaya üç-dörd qotmanı vurub bir əli ilə tayanın üstünə qaldıran laydivar oğlanları udan əjdahaya...

Bax belə... Əl uzatsan əlin çatacaq, amma səsin belə yetməyən o tay, silahla yad dildə danışan qulağı sarı əsgərlər və kasıb balalarını udan əjdaha... "üç canavar qalınlığında qaftan”. İllər ötdü... 

Elə "Dədəm Qurqudun Kitabı”nda olan kimi Oğuz elinin bir igidi bütün bu qorxunc sədləri vurub dağıtdı. Mənim kimi yüz minlərlə nümunəvi sovet uşağının, pionerin yeniyetməliyi Milli Azadlıq Hərəkatı dalğasının şahə qalxdığı dönəmə təsadüf etdi. ƏBÜLFƏZ ELÇİBƏY  tarixdə necə qalacaq- bu haqda heç nə deməyəcəm. Amma canı canımızdan, qanı qanımızdan, dili dilimizdən olan o taya bir yol açıldı: Bütöz Azərbaycan Yolu... Getməsək də, varmasaq da, o Yol var. Həmin o sərt üzlü, yad dilli, qulağı sarı rəngli əsgərlər bu ölkədən birdəfəlik xaric olundu və nəhayət, test adlı qılınc məlum əjdahanı necə yerə çırpdısa bütün bunların şahidi olan o uşaq da tələbə adını qazandı...

Vəssəlam... Bu nə tərif idi, nə təhlil. Sadəcə bir xatirə... və bütün bunlardan sonra deyiləcək tək bir söz qalır. GƏLƏCƏK XOŞ GÜNLƏR DİLƏYİ İLƏ DOĞUM GÜNÜN MÜBARƏK, BƏY!!!

Qaynarinfo.Az