Ekonomiks 16:29 19.09.2019

1 və 3 qəpikliklərin taleyi necə olacaq? - İqtisadçıdan təklif

"Rəsmi ödəniş yerlərində, o cümlədən də nəqliyyatda heç kim 1,3, 5 qəpiklikləri götürməkdən imtina edə bilməz. Bu, qanunvericiliyin pozulmasıdır. Çünki bu dövlətin rəsmi ödəniş vasitəsidir".  

Bu sözləri Qaynarinfo-ya iqtisadçı Natiq Cəfərli nəqliyyat vasitələri və mağazalarda sürücüylə satıcıların 1,3,5 qəpiklikləri götürməməsinə münasibət bildirərkən söyləyib. 

"Bu qəpiklər rəsmi şəkildə ödəniş vasitəsidirsə, niyə pul kimi qəbul olunmur, yox əgər istifadə olunmursa, bu qəpiklərin dövriyyədə olmasının mənası nədir”, - sualını cavablandıran iqtisadçı qeyd edib ki, əslində, bu vəziyyət çox ciddi problemlərdən biridir: 

"Problem ondan ibarətdir ki, 1 və 3 qəpikliklərin hazırlanmasının maya dəyəri onun nominal dəyərindən çoxdur. Yəni 1-3 qəpiyi hazırlamaq üçün 1,3 qəpikdən daha çox vəsait xərclənir. Bunu nəzərə alaraq, Nazirlər Kabineti və yaxud da hökümət səviyyəsində qərar verib, 1 və 3 qəpiklikləri ümumiyyətlə dövriyyədən yığışdırılmasında və istehsalının dayandırılmasında yarar var. Belə bir qərarın çıxarılması daha məntiqli olardı. 5 qəpikdən başlayaraq xırda pulların dövriyyədə qalması daha məntiqlidir. Belə olan halda satıcılar və alıcılar arasında, xidmət göstərənlərlə xidmət olunanlar arasında bu tipli münaqişələr yaranmayacaq. Və ən əsası, dövlətin büdcəsinə də xeyir olar. Çünki dediyim kimi, onların istehsal xərcləri nominal dəyərindən xeyli çoxdur".

Qeyd edək ki, bir sıra market və dükanlarda, xüsusilə nəğd ödənişli marşutlarda sürücülər bu qəpiklərlə ödəməni qəbul etmirlər. 

Röya Kərimli
Qaynarinfo