Dünya 13:37 26.09.2013

10 nəfər edam edildi

İranda 10 nəfər edam edilib. APA-nın məlumatına görə, onlardan 6-sı Əlborz vilayətinin mərkəzi Kərəc şəhərində dara çəkilib.

Məhbuslardan biri qadındır. Onların nədə günahlandırıldığı məlum deyil. Məhbuslardan üçü - Vahid Cəhromi, Əli Fəramərzi və Hüseyn Turabi Rəcayişəhr həbsxanasında, digər ad və soyadları dəqiqləşdirilməyən üç nəfər isə Vəramin rayonun Gərçək həbsxanasında edam ediliblər. Ölüm hökmləri sentyabrın 25-də səhər saatlarında icra edilsə də, ancaq bununla bağlı heç bir rəsmi məlumat verilməyib. Ümumilikdə bu ilin sentyabrında İranda dördü qadın, biri isə azyaşlı olmaqla 54 nəfər dara çəkilib. Ancaq İran 39 nəfərin edam edilməsi barədə rəsmi məlumat verib.

Bundan başqa, İranın Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiya şəhərində də 3 nəfər dara çəkilib. Məhbuslar qətldə günahlandırılıblar. Bunlar Xurşid Məhəmmədi, Səhəndəli Məhəmmədi və Fərəx Yekanidir. Onlar Urmiya şəhərinin mərkəzi həbsxanasında ötən həftə edam ediliblər, ancaq bununla bağlı heç bir rəsmi məlumat verilməyib.

Eyni zamanda İranın Rəzəvi Xorasan vilayətinin mərkəzi Məşhəd şəhərində 1 nəfər edam edilib. 50 yaşlı məhbus qətldə günahlandırılaraq dara çəkilib. Məhbus sentyabrın 23-də Məşhəd şəhərinin mərkəzi həbsxanasında dara çəkilib.

Qaynar.info