Dünya 22:30 11.11.2017

Yaxın Şərqdə 14 dövlət yaranacaq (İDDİA)

ABŞ-ın "New York Times" qəzetində 4 il əvvəl yayımlanmış məqalə yenidən gündəmə gəlib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, 28 sentyabr 2013-cü ildə Robin Rayt tərəfindən yazılmış analiz yazısında Yaxın Şərqdəki 5 ölkənin parçalanacağı və nəticədə bölgədə 14 dövlətin yaranacağı iddia edilir.
 
Yazıda "Yavaş-yavaş Yaxın Şərqin xəritəsi dəyişə bilər. Səudiyyə Ərəbistanı, Yəmən, Suriya, İraq və Liviya bir neçə hissəyə bölünür. İraqın qərbində kürd, mərkəzində sünni, paytaxt Bağdadın cənubunda isə şiə dövləti qurulacaq. Suriyada 1971-ci ildən bəri hakimiyyətdə olan Əsəd ailəsinin də daxil olduğu ələvi dövləti, muxtar kürd bölgəsi və sünni dövləti yaranacaq" fikirləri qeyd edilib. 

Məqalədə bildirilir ki, ötən əsrin əvvəlində Avropa ölkələri tərəfindən hazırlanmış xəritə planı yalnız bölgəni yox, beynəlxalq siyasət, iqtisadiyyat, enerji siyasəti və s. kimi məsələlərə ciddi təsir göstərəcək. 

Qeyd edək ki, son 4 ildə Suriyada davam edən vətəndaş müharibəsi nəticəsində 160 min nəfər ölüb, 9 milyon insan evini tərk etmək məcburiyyətində qalıb. Ölkə İŞİD terror təşkilatı ilə müharibə şəraitindədir. Suriyada kürdlərə muxtariyyət verilməsi məsələsi isə ötən aylarda gündəmə gətirilmişdi.

Son günlərdə baş verən siyasi hadisələr, Səudiyyə Ərəbistanı, Yəmən və Livan arasındakı gərginlik bölgədə digər siyasi və hərbi qarşıdurmanı mümkün edir.

Gülşən
Qaynarinfo.Az