Ölkə 10:54 24.08.2013

14 yaşlı uşağın bədəni çürüyür - VİDEO

O çürüyə-cürüyə həyatla mübarizə aparır.
Ata-anası isə ona kömək etməkdə çarəsizdirlər. Onun yaranışı ölümlə-həyat arasında başladığı kimi, ölümlə olum arasında da davam edir. Düz on dörd ildir ki, balaca qəhrəmanımız zəif cüssəsinə, zərif çiyinlərinə, balaca ürəyinə yüklənən dərd yükünün altında həyatla çarpışır. Özü hər gün bir az daha çürüsə də, ümidləri hər gün daha da çox çiçəkləyir. Yaxınlarının sözlərinə görə, onun ən böyük arzusu təhsil almaqdır. Ölümə qalib gələrsə, həkim olmaq istəyir. Özü də uşaq həkimi...
Balaca bir köçkün komasına sığınan Məmmədovlar ailəsinin möhnəti dünyaya sığmır. Ailənin ilk övladı Akif sağalmaz xəstəliyə düçar olub. Bu ürəkağrıdan mənzərə Ağdamda qeydə alınıb. Onun bədəni çürüyür, ancaq dərdinə əlac yoxdur. 14 yaşlı Akif ona alınan balaca velosipedə ancaq öz arzularını yükləyə bilib. Özü isə yataqdan tərpənə bilmir.
İztirablar içində o qədər bərkiyib ki, öz ağrıları haqda başqasının dərdi kimi danışmağa öyrəşib balaca qəhrəmanımız...
Bu yaşa çatsa da məktəb üzünə həsrətdir o. Heç olmasa, qədəmləri bir dəfə də olsa məktəbə, sinif otağına dəyəydi. Bu arzusu yalnız bir dəfə atasının köməyilə həyata keçib. Atası aparıb onu məktəbə. Zəif ayaqlarına, bitişik barmaqlarına baxanda onu bürüyən utancaqlığa sığınıb. Özünün dediyi kimi, onu dişiylə-dırnağıyla saxlayan valideynlərinin zəhməti həmişə puça çıxıb. Akifin dərdinə Azərbaycanda dərman tapmaq mümkün olmayıb. Həkimlər bu xəstəliyin 13-14 yaşlarında sağalacağını deyib ailəyə ümid veriblər. Amma bu vədlər özünü doğrultmayıb. Çarəsiz qalan valideynlər həm də maddi imkanları aşağı olduğundan Akifi vaxtaşırı həkimə də apara bilmirlər. Amma ümidləri hələ də üzülməyib. Onlar hesab edirlər ki, övladlarının xaricdə müalicəsinə kömək edən tapılacaq... Axı dünya yaxşı adamlardan xali deyil. 
Analoji xəstəlik ailənin 4 yaşlı qızı Dilarədə də özünü büruzə verməyə başlayıb. Bəzən ağrıların əlindən üzündəki uşaq məsumluğu belə yoxa çıxan bu balaca onu gözləyən məşəqqətlərdən xəbərsizcəsinə böyüyür. Ölümün qucağına doğru addımlamaqdan qorxurmuş kimi bu yaşadək hələ də ayaq açmayıb. Heç dili də söz tutmur. Əzizlənəndə “Dili” deyib çağrılan bu məsum gözəl yəqin dili açılsaydı, soruşacağı ilk sual belə olardı: Görmürsünüzmü ölümə gedirəm... Doğrudanmı insanlıq mənim hələ yer tutmayan ayaqlarımın altında çoxdan ölüb? Bəlkə, kömək edəsiniz, ay insanlar!!! - deyə hayqırardı.(Milli.az)