Orxan Kərimov
17 "yaşlı gənc"
17-ci mərtəbə...
Nəyə görə?
Kimə görə?
Bugünkü kimi yadımdadır. Mən qəbul imtahanından əvvəlki gecə Homerin "İliada" əsərini oxumuşdum. Sonra da gözəl bir dram filminə baxıb saat 4-də yatmışdım. Səhər anam oyatdı ki, "ay oğul, qalx, qəbul imtahanına getməlisən".
Saat 08:00. Yerimin içində uzanıb 11 ilimi düşündüm...
İbtidai sinif, ilk sinif rəhbərim, əlifbadakı hərfim, dərsdən qaçmaqlar, dəyişdiyim məktəblər, müəllimlərim, ailəm və cəmiyyət...
Necə olacaqdı?
Axı mənə maraqlı gəlməyən heç bir fənni, mövzunu, dərsi oxumamışdım. Düzdü, ailəmin təkidiylə hazırlıq kursuna gedirdim, elə universitetə də həmin kurs və həmin kursun çox hörmət etdiyim direktorunun üzərimdə olan əməyi, əziyyəti sayəsində qəbul olmuşdum.
Amma sadəcə mənə maraqlı gələn və bunun gələcəkdə mənə lazım olacağını düşündüyüm mövzuları oxuyurdum. Bunu qəsdlə, ya bilərəkdən etmirdim, əlimdə deyildi. Nə qədər çalışsam, əzbərçi ola bilmirdim.
Demək olar bütün orta məktəb və hazırlıq müəllimlərimdən bu sözü eşitmişəm: "Orxan, səndə olan baş heç kimdə yoxdur, nə olar, sadəcə bir az oxu".
Mənim abituriyent yoldaşlarım düstur, qayda, qeyd əzbərləyəndə mən dayanmadan kitab oxuyurdum (10-cu sinfin ortasından sonra).
Özü də tapa bildiyim hər mövzuda. Hamısını da telefondan, çünki o vaxt kitab almağa pulum yox idi. İstəsəm də, verməzdilər, hamısı hazırlıqlara gedirdi.
Bir-iki dəfə sevincək şəkildə ailəyə və bəzi qohumlara demişdim ki, mənə filan kitabı alın. Eşitdiyim sadəcə bu olmuşdu: "Nə? Necə yəni? Camaat universitetə hazırlaşır, sən bədii kitab oxuyacaqsan? İmtahanlarda səndən Tolstoyu soruşmayacaqlar".
Doğrudan da elə oldu, nə 11 il məktəbdə, nə imtahanda, heç universitetdə də heç kim məndən Tolstoyu soruşmadı...
Sınaqlarda məndən çox bal yığan yoldaşların bəzisi mənə yuxarıdan aşağı baxırdılar:) Qohumlar, hətta ailəm elə bilirdi ki, bütün gün telefonda ya kiminləsə çatlaşıram, ya da başqa nələrsə edirəm.
Elə bir mühitdə idim ki, sadəcə "universitet" maraqlı idi hamıya. Nə ixtisas, təhsil, kariyera, ən acınacaqlısı nə mən, nə də mənim arzularım. Sadəcə "universitet".
Yox belə ola bilməzdi. Bu kitablardakı yazıların nə həqiqi dillə, nə coğrafiyayla, nə də düzgün, dəqiq tarixlə zərrə əlaqəsi yox idi.
Bəlkə başqa abituriyent yoldaşlarım bunun fərqində deyildi, amma bəs böyüklər? Hə, belə çıxır onların da valideynləri sadəcə bu xəstəliyə yoluxmuşdular: universitet!
Saat 9-da evdən çıxdım.
Heç kimin gəlməsini istəmirdim, gəlmədilər də. Nə ehtiyac var idi ki? Bu, sadəcə mənim həyatım və mənim seçimim idi.
Bir taksiyə mindim. Deyəsən, qara "VAZ 21015" idi. Arxada oturub imtahanımın olduğu məktəbə yola düşdüm.
İlk dəfə 1-ci sinfə getməyim, atamın mənə hansı yolla, hansı küçəylə məktəbə gedib-gələcəyimi izah etməsi, o yollar, cığır öz-özünə ağlımda canlanmışdı.
Gəlib çatdım, qətiyyən həyəcanım yox idi.
Hətta həyəcanlı insanlara ürək-dirək verirdim...
Başladı. Sualları açdım və o an anladım ki, həqiqətən də bunların 80%-i növbəti 3 saatdan sonra mənə lazım olmayacaqdı.
Lazımlı olacağını düşündüyüm və öyrəndiyim sualları sakit şəkildə yazdım.
Düzdü, səhv bir az artıq çıxmışdı, balım səhvlərə daha çox getdi...
Amma bu gün Azərbaycan Texnologiya Universitetində Dövlət və bələdiyyə idarəetməsi ixtisasının 4-cü kurs tələbəsiyəm:) Hə, necə tələbəyəm? Onu artıq universitetimizdə məni tanıyan istənilən müəllim və tələbədən soruşa bilərsiz. Narahat olmayın, böyük əksəriyyəti tanıyacaq. Elə siz də universitetdən paylaşdığım seminarlar, uğurlar, sertifikatlardan az-çox xəbərdarsız.
Bu gün məni mən edən əzbərçilik olmadı.
Az da olsa nə isə qazanmışamsa, həqiqi elmə, kitaba borcluyam.
Bunları ona görə danışmadım ki, mən universitetə və ya yaxşı bal yığmağa qarşıyam? Əsla! Bunlar mükəmməl şeylərdir. Oxumaq, təhsil, yaxşı universitet, yaxşı ixtisas (təhsildə irəliləmə olsa, daha da mükəmməl olar).
Mən məqsədsiz əzbərlənən tarix rəqəmlərinə, heç vaxt Da Vinçinin, Pifaqorun, Fibonaccinin adını eşitməyən və çox güman eşitməyəcək, amma gecə-gündüz riyazi düstur əzbərləyən gənclərə, valideynlərin seçdiyi ixtisaslara, öz sevdiyin ixtisası oxuya bilməməyə, "qəbul olsaydım, əsgərliyə getməzdim/ məni evləndirməzdilər"ə , "bax, filankəsin uşağına"lara qarşıyam.
Əzizlərim, heç bir uğursuzluğa, heç bir məğlubiyyətə görə canına qıymağa dəyməz.
Yıxılacaqsan, yıxılacaqsınız, hamımız yıxılmışıq və hələ çox yıxılacağıq. Sadəcə qalxmağı öyrənməlisən.
Həyat bir fincan dəmli çay üçün belə yaşamağa dəyər.
Bu, mənim çox az bilinən həyat hekayəmin çox qısa hissəsi idi.
Ona görə danışdım ki, 17 yaşlı gənclərin, gəncliyin ümidləriylə, xəyallarıyla birgə özlərini 17-ci mərtəbədən atmaqları məni dərindən incidir.
Digər tərəfdən, yüksək bal yığanların sayının artmasına ona görə sevinirəm ki, onlar ildən-ilə artdıqca artıq hamı başa düşəcək ki, bu təhsil sistemində yüksək bal o qədər də əhəmiyyət daşımır.
600+ bal yığan birisi (hamısına aid deyil) iki kəlmə sözü ard-arda qoşub danışa bilmirsə, öz ixtisas fənlərindən (5 fənn) başqa bir fəndən bir qr
bir qrafa anlamırsa, seçdiyi ixtisasa aid araşdırma etməyib həmin ixtisasda oxuyursa, istəyir 600 yox, 1600 bal yığsın, bir işə yaramaz.
O bal ona nə uğur, nə yaxşı həyat, nə də kariyera qazandıra bilər.
Son olaraq: İntihar cəmiyyətin hamılıqla törətdiyi çox qəddar bir cinayətdir.
Ona görə də cəmiyyət özü ona cinayət yox, intihar adını verib...
Şərhlər