Ekonomiks 12:55 23.10.2019

18 metrlik avtobuslar gəlir: Bakı yolları iflic olacaq, yoxsa?.. (AÇIQLAMA)

"12 və 18 metrlik avtobuslar manevr etməsinə görə Bakı şəhərinin küçələri üçün uyğun avtobuslardır”.

Qaynarinfo xəbər verir ki, bu sözləri Bakıya gətiriləcək 12 və 18 metrlik avtobuslar haqqında danışarkən Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib. 

Onun sözlərinə görə bu avtobuslar daha çox Bakıətrafı kənd və qəsəbələrdən gələn sərnişinlərin rahatlığını təmin etmək üçün düşünülür. 
"Bu gün bizim Bakıətrafı kəndlərdən gələn o qədər çox vətəndaşımız var ki, onlar pik saatlarda çox əziyyət çəkir, narahatlıq keçirirlər. Yeni avtobuslar onların rahatlığını təmin edəcək”. 

Avtobusların istifadəyə verilməsi haqqında danışan Mais Ağayev bildirib ki, avtubusların ilin sonuna qədər gətirilib xəttə buraxılması işlərinin yekunlaşdırılması düşünülür. 

Mətbuat xidməti rəhbərinin sözlərinə görə, bu avtobuslar yol infrastrukturunun imkan verdiyi və sərnişin axının yüksək olduğu ərazilərdə istifadəyə veriləcək. 

"Avtobuslardan Yeni Günəşli – 28 May, Pirallahı – Koroğlu, Sahil qəsəbəsi – Lökbatan dairəsi, Binəqədi, Xırdalan istiqamətində istifadə etmək olar. Çünki bu ərazilərin yolları iri avtobuslarda istifadəyə imkan yaradır”.

Yeni avtobusların xəttə buraxılmasının intervallara təsirindən danışan BNA sözçüsü bildirib ki, intervala ən çox mənfi təsir göstərən yollarda nəqliyyat vasitələrinin sıxılığı və qanunsuz parklamadır.  

"Biz bu gün qanunsuz saxlamaya qarşı mübarizə tədbirləri aparırıq. Düşünürük ki, marşrut xətlərinə nə qədər müasir, iritutumlu avtobuslar cəlb eləsək, bir o qədər vətəndaşımız şəxsi maşınından az istifadə edərək bu avtobuslara maraq göstərəcək. Belə deyək ki, Bakıətrafı kənd və qəsəbələrdə yaşayan vətəndaşlarımız bu avtobuslarla istədikləri ünvana rahat gedəcəksə, o, təbii olaraq 1 manatlıq taksi və ya şəxsi nəqliyyat vasitəsindən istifadə etməyəcək. Belə-belə bu gün olan sıxlıqlar azalacaq və bu intervallarada təsir edərək onuda normaya salacaq”. 

Xatırladaq ki, bir qədər əvvəl Bakı Nəqliyyat Agentliyi tərəfindən 229 ədəd 12 metrlik avtobus gətirilib. Noyabr ayından etibarən də 18 metrlik avtobusların gətirilməsinə start veriləcək.

Günay İlqarqızı