Dünya 14:06 10.10.2017

19 il müəllim kimi çalışan şəxs saxtakar imiş

Türkiyənin Trabzon şəhərində 19 illik müəllim stajı olan Yusuf B. adlı şəxsin diplomunun saxta olduğu ortaya çıxıb.

"Qaynarinfo"nun Türkiyə mətbuatına istinadən məlumatına görə, Yusuf B. Qaradəniz Texniki Universitetindən məzun olan bir nəfərin diplomunu ələ keçirərək ad hissəsini dəyişdirib. Hazırladığı saxta diplomla 19 il müəllimlik edən şəxsin fırıldaqçılığı Trabzona təyinat aldıqdan sonra üzə çıxıb. Trabzon Təhsil İdarəsi bu barədə polisə məlumat verib və Yusuf B. polis əməkdaşları tərəfindən saxlanılıb. O, polisə verdiyi ifadəsində günahını boynuna alıb və tutduğu işdən peşman olduğunu bildirib.

Yusuf B. barəsində saxtakarlıq və fırıldaqçılıq maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, Türkiyədə bir müddət öncə də buna bənzər hadisə baş vermiş, 19 il saxta diplomla müəllimlik edən Ruqiyyə G.S. tutulmuşdu.

Qaynarinfo.Az