Xəbər lenti

“1917” – bəxt, təsadüf, ölüm və qəhrəmanlıq haqqında...
Vüsal Bağırlı
Ölkə 12:55 14.05.2020

“1917” – bəxt, təsadüf, ölüm və qəhrəmanlıq haqqında...

Vüsal Bağırlı

Hərbi dram janrı – kinoda ən populyar janrlardan hesab olunur və bu mövzu heç vaxt aktuallığını itirmir.

Britaniyalı rejissor Sem Mendesin Birinci Dünya Müharibəsinin qısa dövrünü əhatə edən  "1917” adlı filmi, ön cəbhədə düşmənlərin geri çəkilməsindən istifadə edərək, hücuma hazırlaşan hərbi dəstənin tələyə düşməməsi naminə, onları bu fikirdən daşındırmalı olan iki əsgərin, Bleyk və Skofildin taleyindən bəhs edir.

Əsgərlər ölüm təhlükəli və olduqca məsuliyyətli tapşırığı nəyin bahasına olursa-olsun, mütləq yerinə yetirməlidirlər. Əgər, onlar bunu edə bilməsələr, 1600 əsgərdən ibarət ingilis batalyonu məhvə məhkum olacaqdır.

Skofild tapşırıq arxasınca göndərildikləri ilk andaca, təhlükələrlə baş-başa qalır. Əvvəlcə əlini yaralayır, sonra, blindajdakı partlayış zamanı, möcüzə sayəsində sağ qalır, nəhayət dərin torpaq qatı altında qalsa da, dostu tərəfindən xilas edilir.

Biz Skofildin nə qədər bəxtsiz, dostunun  isə şanslı biri olduğunu, bütün maneə və təhlükələrdən sağ-salamat çıxdığını düşünərkən, gözləntilər 180 dərəcə dəyişir. Bleyk, sırf təsadüf nəticəsində həlak olur.

Sonra,  Skofild yeni ölüm sınaqlarından, gülləbaranlardan, yağış kimi yağan top mərmilərindən, əlbəyaxa döyüşlərdən də sağ-salamat qurtulur və tapşırığı yerinə yetirib, uğurla sona çatdırır. Beləliklə, ingilis batalyonu xilas edilir.

Filmi seyr etdikcə, həyat qəribəliklərini, təzadlarını dərindən hiss edirsən. Bəzən, kəskin zərbə gözlədiyin, keçilməz çətinliklə rastlaçacağını düşündüyün məqamda, məqsədə çox asanlıqla nail olursan. Maneələri heç gözləmədiyin halda asanlıqla dəf edirsən.

Bəzən isə, yolun rəvan gedildiyi zaman, çökəyə düşüb büdrəyirsən. Qarşıda düzənlikdir, fəqət duman içərisindən peyda olan qəfləti zirvə qarşını kəsə bilər.

"1917” filmi ilə, məşhur "Sıravi Rayanı xilas edərkən” filmi arasında bəzi oxşarlıqlar da nəzərə çarpır. Belə ki, birinci filmdə iki əsgərin  düşmən arxasındakı böyük batalayonu, ikinci filmdə isə kiçik rotanın sıravı əsgəri xilas etməsi missiyasından bəhs olunur.

Tarixin bəlli anını təsvir edən "1917”  filmi, istər əsgərlərin geyimi, silah-sursatın, dekorasiyaların düzgün seçilmə bacarığı, hərbiçilərin vizual görünüşü, xüsusi effektlərin, operator işinin səviyyəsi cəhətdən,  istərsə də təbiət mənzərələrinə görə Birinci Dünya Müharibəsinin döyüş, savaş ab-havasını canlı şəkildə tamaşaçılara təqdim edir. 

Filmdə epizodik də olsa, Kolin Fert, Mark Stronq, Endryu Skott, Benedikt Kamberbertç və Riçard Medden kimi tanınmış aktyorlar rol almışlar. Bununla belə, filmin qəhrəmanı olan iki gənc aktyor sonadək diqqət mərkəzində qalmağı bacarırlar.

Fikrimcə, "1917” səviyyə və keyfiyyətinə görə, bu janrın etalonu və klassikası hesab edilən  "Nazik qırmızı xətt” və "Sıravi Rayanı xilas edərkən” filmləri ilə eyni cərgədə dayanmağa layiq filmdir.
--> -->