İdman 17:03 18.02.2018

2 cüdoçumuz Avropa çempionatında medal qazandı

Fevralın 17-də Avstriyanın Obervart şəhərində cüdo üzrə Avropa açıq turnirinə start verilib.

Qaynarinfo goal.az-a istinadən xəbər verir ki, yarışın ilk günü Azərbaycan milli komandası və "Qəbələ" İdman Klubunun cüdoçuları Mehman SadıqovVüqar Şirinli üçün uğurlu alınıb. 60 kq çəki dərəcəsində mübarizə aparan Sadıqov bütün rəqiblərinə qalib gələrək çempion olub. O, avstriyalı Valentino Krnjiç, qazaxıstanlı Bauyrjan Narbayev və mərakeşli İssam Bassou üzərində qələbə əldə etməklə yarımfinala yüksəlib.

Bu mərhələdə yaponiyalı Tatsuhiko Yamamoto, finalda rusiyalı Qamzat Zairbekovla görüşən təmsilçimiz bu qarşılaşmalardan da qalib ayrılıb. 66 kq çəki dərəcəsində çıxış edən Vüqar isə avstriyalı Stefan Kudera və gürcüstanlı Laşa Qiunaşviliyə qalib gəlsə də, fransalı Kevin Azemaya uduzub. Təsəlliverici döyüşdə italiyalı Matteo Piras, bürünc uğrunda qarşılaşmada almaniyalı Manuel Şeybelə qalib gələn Şirinli 3-cü yeri tutub.