İdman 13:21 12.08.2017

2 dəfə Dünya kubokunun sahibi olan azərbaycanlı mühafizəçi işləyir (MÜSAHİBƏ)

Kənan Vəlixanov Şahmat bəstəçiliyi üzrə dünya kubokunun 2 dəfə sahibi olub. O bu uğura imza atan ilk azərbaycanlıdır. Beynəlxalq dərəcəli hakim olan K. Vəlixanov FİDE-nin Dünya kuboku və olimpiya turnirlərində yüksək nəticələrə nail olub.

"Qaynarinfo" panorama.az-a istinadən Kənan Vəlixanovla müsahibəni təqdim edir:

- Şahmata necə başlamısınız?

- 1980-ci illərin əvvələri Harri Kasparovun İddiaçılar mərhələsində qalib gələrək, dünya şahmat tacı uğrunda mübarizəyə başlaması Respublikamızda şahmatın inkişafına böyük təkan verdi. H. Kasparov Azərbaycan şahmat məktəbinin yetirməsi olduğu üçün Azərbaycanda böyük əksəriyyət onun oyunlarını diqqətlə izləyir və eyni zamanda özləri də şahmat bacarığını artırmağa çalışırdılar. O vaxtlar şahmat ən populyar oyuna çevrilmişdir. Hər yerdə olduğu kimi bizim də məhəllədə qonşular hər gün şahmat oynayırdılar. Mən bir müddət kənardan baxmaqla oynamağı öyrənməyə başladım. Şahmat məktəbindən bir neçə kitablar götürüb oyunun müxtəlif hissələrini diqqətlə təhlil edib, hansı hissədə necə oynamağın vacibliyini başa düşməyə çalışırdım. Bununla yanaşı məsələ və etüdlərin həllinə böyük üstünlük verirdim. Elə bu səbədən də mənim təxminən bütün oyunlarım gözəl kombinasiyalarla müşahidə olunurdu. Fiziki idman növlərinə də üstünlük verirdim. Şahmatçı fiziki baxımdan güclü olmalıdır. Çünki oyun vaxtı elə mürəkkəb mövqelər yaranır ki, şahmatçı uzun –uzadı düşünməyə, hesablamağa məcbur olur. Bütün variantları sona qədər hesablamaq iradə, dözüm tələb edir. Məsələ və etüdləri çox həll etdiyim üçün özümdə də onları tərtib etmək həvəsi oyanmışdı. Bir neçə məsələm Respublika şahmat bəstəçiliyi komissiyası tərəfindən yarışlara qəbul olunduğu üçün kompozisiyaya olan həvəsim daha da artmışdı və mən get-gedə bu sahəyə daha çox vaxt sərf etməyə başlamışdım.

- Azərbaycan və dünya şahmatına verdiyiniz töhfələr haqda danışardınız.

- 20 ildən çox xaricdə yaşamağıma baxmayaraq, beynəlxalq turnirlərdə həmişə Azərbaycanı təmsil etmişəm. Buna görə Ukrayna vətəndaşlığını qəbul etməmişəm. Bu günə qədər qazandığım uğurların sayı 200-ü ötür. FİDE-nin Dünya kuboku və olimpiya turnirlərində 10 dəfə təltif olunmuşam.


42-ci Bakı Şahmat olimpiadasına həsr olunmuş kompozisiya üzrə olimpiadada qızıl medal

Mən ilk azərbaycanlı olaraq şahmat kompazisiyasında ən böyük uğurlara imza atmışam. 2013-cü və 2017-ci illərdə FİDE Dünya kubokunu , 2016-cı ildə isə FİDE-nin olimpiya turnirində qızıl medal qazanmışam. Ömrümün 30 ilini şahmata həsr etmişəm. Şahmat kompozisiyasının inkişafı üçün «Şahmat poeziyasına həsr olunmuş ömür» adlı kitab yazmışam.


Tətbiq etdiyim Vəlixanov və Qarabağ mövzuları beynalxalq şahmat kompozisiyası nəzəriyyəsinə qəbul olunub, beynəlxalq dərəcəli hakiməm. Bütün bunlara baxmayaraq, mənə öz vətənimdə bu sahədə iş tapılmadığı üçün, gecə növbəsində mühafizəçi işləyirəm.

Yuxarıda qeyd etdiyim kimi, 2014-cü ildə milli komandamız mənim məşqçiliyimlə həlletmə üzrə dünya çempionatında gümüş medal qazandı. Milli komanda 2014-cü ilə qədər Dünya və Avropa çempionatlarında dəfələrlə iştirak etməsinə baxmayaraq, ən yaxşı nəticəsi 5-ci yer olmuşdu.

2016-cı ildə mənə beynəlxalq dərəcəli hakim titulu verildi, İdman ustasıyam. 2011-ci ildə dünya kubokunda qazandığım bürünc medala görə, gənclər idman nazirliyi mənə 120 manat mükafat vermişdir. Amma ondan sonra 3 qızıl medal qazanmışam, heç bir mükafat verilməyib. Doğrusu nazirlikdə nələrin baş verdiyini anlamıram. Yorulmuşam ora gedib-gəlməkdən.

Azad Rəhimovun qəbuluna düşmək üçün dəfələrlə müraciət etsəm də müsbət cavab almamışam. 2016-cı ildə FİDE-nin Olimpiya turnirində mənimlə paralel bölmədə qızıl medal qazanan bolqarıstanlı həmkarım Diyan Kostadinovu Ölkəsində əsl qəhrəman kimi qarşıladılar. Onu ilin yaxşı idmançısı nominasiyasına daxil etdilər. Diyanın sözlərinə görə bu qələbə və onun KİV tərəfindən təbliği, Bolqarstanda kompozisiyaya marağı dahada artırmışdır. Azərbaycandan fərqli olaraq digər ölkələr öz çempionları ilə fəxr edirlər. Bizdə isə eqoistliklə yanaşırlar. Əgər bizim məmurlarda bolqarlar kimi mənimlə görüşlər təşkil etsəydilər, şahmatımız bundan yalnız qazanardı.

- Necə oldu ki, Azərbaycana qayıtdınız?

- Ukraynada yaşadığım Zdolbunov şəhərində keçirilən bütün turnirlərə dəvətli idim. Rayonda şahmat oyununu populyarlaşması istiqamətində aparılan işlərdə yaxından iştirak etdiyim üçün məni şahmat federasiyasının sədri seçmişdirlər. Yerli «Nove jittya» qəzetində redaktoru olduğum şahmat guşəsi fəaliyyət göstərirdi.

Buna baxmayaraq, Azərbaycanda şahmat kompozisiyasının acınacaqlı vəziyyəti məni heç vaxt rahat buraxmayıb. Son 20-25 ildə yeni bəstəçilərin yetişməməsi, respublikada mütəxəsis qıtlığından və eyni zamanda komissiya sədrinin laqeydliyindən xəbər verirdi. Mən internet vasitəsilə həmişə əlaqə saxlayıb öz məsləhətlərimi verirdim. Azərbaycana qayıdışıma şəbəblərdən biridə şahmat federasiyası bəstəçilik komissiyasından aldığım məktublar oldu. Ancaq ən başlıca səbəb cənab prezidentin çağrışı idi. Lakin buradakı laqeydliyi,diqqətsizliyi, federasiya rəhbərliyinin dələduzluğunu gördükdən sonra, səhvə yol verdiyimi başa düşdüm.


Bu gün federasiya kolxoz bazarını xatırladır. Dövlətin şahmat üçün ayırdığı pulların yarısı oğurlanır, boşluğu valideynlərdən doldurmağı tələb edirlər. Yəni beynəlxalq turnirə yollanan uşaqların valideyinlərinə xərclərin 50 faizini ödədirlər. Mən Bütün bunları, valideynlərdən eşitmişəm. Xidmətinə qörə dövlət tərəfindən mükafatlandırlmalı olanlardan təqdimat yazmaq üçün pul alınır və. s.

Bizim nə qədər istedadlı şahmatçılarımız təzyiqlərə məruz qalıb şahmatdan uzaqlaşıblar.

- Bu gün Azərbaycanda şahmat bəstəçiliyi hansı vəziyətdədir?

- Müxtəlif beynəlxalq yarışlarda şahmatçılarımızın qazandığı uğurlar bir daha sübut edir ki, xalqımız geniş intellektual potensiala malikdir. Əgər yuxarıda qeyd etdiyim nalayiq hərəkətlərə yol verilməzsə, hər kəs öz üzərinə düşən vəzifəni dürüst, vicdanla yerinə yetirərəsə, biz daha çox və daha böyük nailiyyətlər əldə edə bilərik.

Bu il həlletmə üzrə Respublika çempionatında baş verənlər və buna görə milli komandanın dünya çempionatına getməkdən məhrum olması məni çox məyus etdi. Belə ki, Çempionatın nəticəsilə razılaşmayan 15 qat Azərbaycan çempionu və Respublikanın ən güclü reytinqinə malik olan Araz Alməmmədovun narazıçılığı və komandanın dünya çempionatına yola düşmə ərəfəsində, nazirliyin ayırdığı məzuniyyət pulunu Kompozisiya komissiyasının sədri və həlletmə üzrə milli komandanın baş məşqiçisi İlham Əliyevdən tələb etməsi onun komandadan qovulmasına səbəb olub.

- Məzuniyyət pullarının bir adamda, məşqçidə olması və bu pulların bir hissəsinin mənimsənməsi nə dərəcədə düzgündür?

- 2014-cü ildə İsveçrədə olduğumuz zaman dünyanın müxtəlif ölkələrindən olan şahmat bəstəkarlarının Araza, Ramil Cavadova necə böyük hörmətlə yanaşmalarını şəxsən görmüşəm. 2014-cü ildə İsveçrədə milli komandamız ilk dəfə olaraq dünya çempionatının gümüş medalına layiq görüldü. Bu mənim məşqçiliyim ilə baş verdi. Komanda üzvləri, ilk dəfə normal hazırlıq keçdiklərini qeyd edib, mənə minnətdarlıqlarını bildirdilər. Amma Nazirliyə hesabatda mənim adım məşqçi kimi qeyd olunmamışdı.

2014-cü ilin dünya birinciliyindən sonra Ramil Cavadov Milli komandanı tərk edib Türkiyəyə işləməyə getdi. Ramilin komandanı tərk etməyi yenə də diqqətsizlik və biganəlikdən oldu.

- Yarışlar zamanı komanda normal qidalanmır, xoş əhval ruhiyyədə olmur. Belə olan halda hansı qələbədən danışmaq olar?

- 2016-cı ildə Ümumdünya şahmat bəstəkarlarının kongresi, Serbiyanın paytaxtı Belgrad şəhərində keçirilirdi. Orada mənə Olimpiadada qazandığım qızıl medal verilməli idi. Mənim həm Olimpiadanın qalibi, həm də məşqçi kimi getməyimə pul tapılmadı.

Bundan başqa hər il Dünya və Avropa çempionatlarında iştirak etmək üçün Gürcüstan komandasını SOCAR GEORGİA maliyyələşdirir. 2017-ci ildə konqres Almaniyanın Drezden şəhərində, 5-12 avqustda təşkil edilmişdi. Burada da sonuncu qələbəmə görə mənə dünya kuboku verilməli idi, amma gedə bilmədim. Gürcü qardaşlarımız isə orada Azərbyacan pulu ilə iştirak etdilər. Mənim kubokum Rusiya şahmat federasiyasının vitse-prezidenti Andrey Selivanova verildi. Bunu təşkilatçılardan mən xahiş etmişdim. Kuboku Moskvadan gələn olarsa, yola salacaqlar.

Şahmat kompozisiyasının respublikamızda gözəl ənənələri olub. Aleksandr Sarıçyevin və ondan sonra Rauf Əliövsətzadənin səyləri nəticəsində, ölkəmizdə çoxlu güçlü bəstəkarlar yetişib. Məcnun Vahidov, Züleyxa Eyvazova, Muradxan Muradov, Salman Cavadzadə, İsaxan Qarayazlı və digərləri, dünya şahmat kompozisiyasında adlarını qızıl hərflərlə yazıblar. Onların yaradıcılığı bizim üçün qürur mənbəyi və stimul olub. Lakin müasirlərdən elələri var ki, fırıldaqçılıq edib bu məşhur azərbaycanlıların nailiyyətlərinə kölgə salırlar.

Qaynarinfo.Az