Hüseynbala Səlimov
Siyasət 13:46 13.01.2020

20 Yanvar: 30 il bundan əvvəlin sirli qışı...

Hüseynbala Səlimov

Düz cəmi bircə həftədən sonra 20 Yanvrın daha bir ildönümü, bu dəfə artıq 30 illiyi olacaq – bu, elə bir tarixdir ki, uzun sürən, on illərlə davam edən siyasi - ictimai diskussiyalardan sonra nəhayət ki, özünün ümummilli məzmunu tapdı.

Etiraf edək ki, hər il 20 Yanvardan, 30 il bundan əvvəlin olayları haqqında yazmaq artıq bir vərdiş halını alıbdır. Amma elə hadisələr, elə tarixi olaylar var ki, onlar haqqında yazmaq və danışmaq yox, sadəcə, bu olaylar qarşısında lal dinməz, baş əyib dayanmaq lazımdır.

Təkcə ona görə yox ki, bunlar artıq müqəddəs-sakral məzmun alıbdır, ona görə ki, o soyuq yanvar günlərində insanlar daha səmimi idi. Onlar hələ çox şeyə inanırdılar, əks halda, indi olduğu kimi, qapılarını bərk-bərk bağlayar və öz rahat mənzillərində yatardılar. Küçə və meydanlara çıxmaz və yaxud "Bütün bunlar kimlərimsə oyunudu!” deyib öz evlərinə dağılışardılar...

Amma o vaxt insanlar hələ inanırdı, hələ ki, şəxsiyyətin haçalanması – ikiləşməsi indiki sosial miqyasları almamışdı, bir daha deyirik: insanlar daha səmimi idi, hətta siyasi mənada müəyyən qədər daha sadəlövh və infantil – uşaq kimi hər şeyə tez inanan idilər. Bəli, güman, onları indiki siyasi obıvatellər və işbazlar belə xarakterizə edərdi. Amma onda hamıya elə gəlirdi ki, onlar həm də Böyük Yalana qarşı mübarizə aparır və onunla vuruşurdular, üstəlik, bu Böyük Yalan özündə həm də SSRİ deyilən bədheybət quruluşu ehtiva edirdi, hansı ki, cəmi bir ildən sonra tarix səhnəsindən silinəcəkdi. Amma hələ heç kəs bunu bilmirdi...

Fəqət, bütün bunları dərk etmək üçün on illər lazım gələckdi. Əvvəlcə bizim, "liberallar”a və "radikallar”a bölümmüş milli hərəkatımız, biri-birilə siyasi haqq-hesabı çürütmək üçün 20 Yanvardan istifadə edəcək və yalnız bir neçə ildən sonra buna son qoyulacaqdı. Nəhayət, bu mürəkkəb hadisəyə vahid milli platformadan yanaşılacaq və diskussiyalar kəsiləcək, hamı üçün 20 Yanvar yalnız bircə məzmun kəsb edəcəkdi. 

Artıq demək olar ki, heç kim bunu o dövrün real siyasətdən və diplomatiyadan təsəvvürü belə olmayan siyasətbazlarının təxribatı və yaxud da siyasi səriştəsizliyi kimi yozmur və ən azı ədalət naminə demək lazımdır ki, belə bir vahid milli platformanın formalaşıb yaranmasında indiki hakimiyyətin böyük xidməti oldu. Əlbəttə, burada motivlər haqda, nəyin, milli ideallara bağlılığın, yoxsa siyasi maraqların üstünlük təşkil etməsilə bağlı çox mübahisələr açmaq olardı, amma buna artıq ehtiyac duyulmur.

Əlbəttə, demək olmaz ki, bu məsələdə tam aydınlıq bərqərar olub. Xatırladaq ki, qanlı 20 Yanvarın əsas arxitektoru M.Qorbaçov hələ sağ və salamatdır. Yüzlərlə günahsız insanların qanına əli bulaşmış sovet lideri bu illər ərzində nəinki hansısa məsuliyyətə cəlb olunmayıb, hətta 20 Yanvar zamanı həlak olanların qohumlarından və yaxınlarından hələ üzr istəməyib, əksinə özünü hələ də elə aparır ki, guya Bakıya qoşunların yeridilməsi ən düzgün qərar imiş, guya Bakıdakı "erməni talanları” ilə bağlı onlarla ABŞ konqressmeni ona müraciət ediblərmiş...

Odur, gözləmək lazım deyildir ki, amerikalılar və ya avropalılar nə vaxtsa Qorbaçovun cəzalandırılmasını və yaxud siyasi cəhətdən ittiham olunmasını tələb edəcəklər. 

Yox, bunlar olmayacaq, çünki amerikalılar üçün Qorbaçov sovet-sosialist imperiyasının süqutu, avropalılar üçün Avropanın azad olması, Berlin divarının çökməsi, Almaniyanın birləşməsi və neçə-neçə Avropa ölkəsinin azadlığa çıxması deməkdir.

Bəli, bütün "mütərəqqi Avropa” və eləcə də ABŞ belə düşünür. Amma başqa bir həqiqət də var, o illərin olaylarının başqa tərəfi var – o vaxtın bir çox hadisələri, Tiflis, Vilnüs və Bakı yaddaşlardan silinməyib və burada hər şey özümüzdən asılıdır. Zaman keçdikcə Dünya da biləcəkdir ki, tamam başqa həqiqət, başqa "Qorbi” (Mixail müəllimi Avropada və Amerikada belə adlandırırdılar) də olubdur, hansı ki, əslində SSRİ-nin süqutunu istəmirdi. 

Bəli, qətiyyən istəmirdi! O, başqa bir məsələdir ki, M.S.Qorbaçov SSRİ-ni qoruya bilmədi. O səbəbdən ki, hətta bəzi indiki "politoloji konsepsiyalar”a görə SSRİ-nin süqutu heç də səssiz, spontan və ya sakit bir kollaps deyildi. Buna SSRİ-nin bütün xalqlarının mübarizəsi səbəb və ya təkan olmuşdu, o cümlədən də öz azadlığı və müstəqilliyi uğrunda mübarizə aparan azərbaycanlıların mübarizəsi...