2017-ci ilin son günlərini yaşayırıq. Bu il ölkəmiz üçün heç də uğursuz keçmədi. Bəs görəsən, yazarlarımız, şairlərimiz ötən ildə hansısa uğursuzluqlarla qarşılaşıblarmı?

Qaynarinfo kult.az-a istinadən yazıçı və şairlərimizin 2017-ci il ilə bağlı təəssüratlarını təqdim edir:

Şair Ramiz Qusarçaylı ən uğursuz gününün anasını itirdiyi gün olduğunu deyib: "2017-ci il anamın ölümünə şeir yazdırdı mənə... O anın şeirini ömrümün sonuna kimi oxuyacağam”.

Yazıçı-jurnalist Xalid Kazımlı isə 2017-də sevincli günlər yaşadığını bildirib: "Şəxsi planda ən uğursuz anı xatırlamaqda çətinlik çəkirəm. Çoxlu fərəhli günlərim olub. Xüsusilə də övladlarımın təhsili ilə bağlı. Universitetləri qırmızı diplomla bitiriblər, magistraturaya girən olub. Oğlum kursda yaxşı nəticələr göstərir”.

Şair, Qaynarinfo-nun baş redaktoru Zahir Əzəmət bildirib ki, 2017-ci ilin yay aylarında iş və bəzi şəxsi məsələlərdə sıxıntılar yaşasa da, payızdan etibarən hər şey qaydasına düşüb: "Ümumilikdə isə 2017-ci ili özüm üçün uğurlu hesab edirəm. Bu il "Qaynarinfo” portalının 10 yaşını qeyd etdik, saytın mobil tətbiqlərini istifadəyə verdik, üzərində 3 ildən çox işlədiyimiz nəhəng layihə- "Adsgarden.com” reklam platformasının bu il rəsmi açılışını etdik və önəmli müqavilələr bağladıq. Ailə zəminində də uğurlarımız oldu, məsələn, oğlum yazıb-oxumağı öyrəndi”.

Tanınmış jurnalist Ceyhun Musaoğlu ötən il şəxsi avtomobili ilə yol qəzasına düşdüyü günü özünün ən uğursuz günü sayır.

Şair Qəşəm Nəcəfzadə isə 2017-ci ilin onun üçün əziz olduğunu deyib: "Yola saldığımız ildə "Qızıl kəlmə” mükafatını almışam, iki kitabım çap olunub, uğurlu-uğursuz günlərim çox olub, amma 2017-ci ilə mənim üçün çox əzizdir”.

Yazıçı Varis Yolçuyev kinossenarisinin müsabiqədə iştirakı ilə bağlı yaşadığı uğursuzluqdan danışıb: "Göydən yıxılan mələk” kinossenarimin sinopsisi "Hollivud reporter”-in kinossenari müsabiqəsində yekun mərhələyə adlamışdı. Amma tam ssenarini ingiliscəyə tərcümə etdirməyə maliyyə tapa bilmədiyimə görə finaldan imtina etməli oldum. Mənim üçün ən uğursuz an idi”.