Siyasət 17:08 22.07.2013

Müsavat Divanının toplantısı keçirildi

Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. İclasda verilən qərarların icrası, görülən işlər müzakirə olunduqdan sonra partiyadaxili məsələlərə baxılıb.
Seçkilərə hazırlıqla bağlı məsələlər geniş  müzakirə edilib və müvafiq qərarlar qəbul edilib.

Toplantı iştirakçıları Azərbaycan jurnalistlərini peşə bayramı münasibəti ilə təbrik edib, onlara uğurlar arzulayıblar. Qeyd olunub ki, əsası Həsən bəy Zərdabi tərəfindən qoyulan milli mətbuatımız zəngin ənənələrə malikdir və xalqımızın milli şüurunun inkişafında mühüm rol oynayıb. Divan üzvləri Azərbaycan jurnalistikasının bundan sonra da həmin zəngin ənənələri davam etdirəcəklərinə və hər cür çətinliklərə rəğmən ölkəmizdə demokratik cəmiyyət quruculuğu sahəsində var qüvvələri ilə çalışacaqlarına inamlarını bildiriblər.

Sonra ictimai-siyasi vəziyyət müzakirə edilib.

“N!DA” vətəndaş hərəkatının Milli Şura rəhbərliyi ilə təşkil etdiyi görüş barədə fikir mübadiləsi aparılıb və həmin görüşün nəticələri müsbət qiymətləndirilib.

Daha sonra İranda öz milli və siyasi haqları uğrunda mübarizə aparan cənublu soydaşlarımıza qarşı son vaxtlar daha da şiddətlənən repressiyalara etiraz bildirilib və İran rejimindən buna son qoyulması tələb edilib.

Sonda cari məsələlərə baxılıb.

Qaynar.info