Ölkə 13:18 13.03.2014

TQDK abituriyentlərə müraciət etdi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası abituriyentlərə müraciət etdi.

TQDK-dan ANS PRESS-ə verilən məlumata görə, abituriyentlərin nəzərinə çatdırılıb ki, ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul həmin təhsil pilləsini cari ildə bitirən şagirdlərin buraxılış imtahanlarının nəticələri əsasında aparılacaq. Yəni buraxılış imtahanı 9-cu sinfi bu il bitirən şagirdlərə şəhadətnamələrin verilməsi üçün əsas olmaqla yanaşı, həmin şagirdlər arasından kolleclərə qəbul olmaq istəyənlər üçün qəbul imtahanı rolunu oynayacaq. Beləliklə, 2014-cü ildə 9 illik təhsil bazası üzrə kolleclərə həmin ilin məzunları üçün ayrıca qəbul imtahanı keçirilməyəcək. Buraxılış imtahanı 2 fənn üzrə - ana dili və riyaziyyatdan aparılacaq.

Orta ixtisas təhsili müəssisələrinə 9 illik təhsil bazasında ayrıca imtahan yalnız əvvəlki illərin məzunları üçün həyata keçiriləcək. Bu imtahanda da abituriyentlərin ana dili və riyaziyyat fənləri üzrə bilikləri yoxlanılacaq.

Qeyd edək ki, həm əvvəlki illərin, həm də cari ilin məzunları üçün kolleclərə ərizə qəbulu eyni vaxtda aparılacaq. Həmçinin xüsusi qabiliyyət tələb edən ixtisasları seçən abituriyentlər üçün qabiliyyət imtahanlarına qeydiyyat və həmin imtahanların keçirilməsi eyni vaxtda təşkil olunacaq.

Qaynar.info