Ölkə 10:22 06.05.2013

İmtahanın nəticələri nə vaxt açıqlanacaq?

Mayın 5-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən keçirilən sınaq imtahanın nəticələri yaxın 2 gün ərzində açıqlanacaq.

TQDK-nın mətbuat katibi Elnur Nağızadə APA-ya açıqlamasında bildirib ki, ötən gün abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə keçirilən sınaq imtahanı yeni kitabça ilə sayca 3-cü imtahan olub. Sınaq imtahanı respublikanın 31 şəhər və rayonunda sınaq imtahanları keçirilib. Belə ki, Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Şamaxı, Şəki, Qax, Tərtər, Zərdab, Ağsu, Füzuli, Sabirabad, Neftçala, Astara, Lerik, Gəncə, Goranboy, Göygöl, Qazax, Lənkəran, Ağcabədi, Quba, Şirvan və Göyçay şəhərlərində, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında imtahanın keçirilməsi üçün 54 bina ayrılıb. İmtahanda 39366 abituriyent iştirak edib ki, onlardan 19371 nəfəri oğlan, 19995 nəfəri isə qızdır. Hazırda bölgələrdə təşkil olunan imtahanların nəticələri TQDK-ya təqdim edilir və nəticələr emal olunur.


Qeyd edək ki, ali təhsil müəssisələrinin bakalavr səviyyəsi üzrə sınaq imtahanları aprelin 7-dən başlanıb və sonuncu imtahan mayın 26-da keçiriləcək.

Qaynar.info