Dünya 23:31 01.05.2013

İranda yenə zəlzələ oldu

Bu gün İranda zəlzələ baş verib.

APA-nın Tehran Universiteti, Geofizika İnstitutu, Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytına istinadən məlumatına görə, təbii fəlakət İranın Buşəhr vilayətində yerli vaxtla saat 21:01-də (Bakı vaxtı ilə 21:31-də) meydana gəlib. 4.6 bal gücündə olan zəlzələnin episentri İranın Buşəhr vilayətinin Kaki şəhəri olub. Yerin 12 kilometr dərinliyində baş verən təbii fəlakət nəticəsində dağıntı və tələfat barədə heç bir məlumat verilməyib. Zəlzələ Kakidən 7 km, Hörmücdən 35 km, Bərdxondan 38 km və Tehrandan 812 km uzaqlıqda baş verib.


Qeyd edək ki, bu il aprelin 9-da yerli vaxtla saat 16:22-də yerin 12 km dərinliyində Buşəhr vilayətinin Kaki şəhərində Rixter cədvəli ilə 6.1 bal gücündə zəlzələ baş verib. Nəticədə Kaki, Hörmüz və Kenqan şəhərlərinə ciddi ziyan dəyib. Hörmüz şəhərinin ətrafında iki kənd tamamilə dağıdılıb. Təbii fəlakət nəticəsində 700 ev dağılıb, 39 nəfər ölüb, 1050 nəfər də yaralanıb. Ölənlərdən 8 nəfəri 10 yaşlarında uşaqlar olub. Buşəhr vilayətinin valiliyindən dəyən ziyanın miqdarının 154 milyard tümən olduğu bildirilib. Zəlzələ Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qətər, Bəhreyn və Səudiyyə Ərəbistanında da hiss olunub.

Xatırladaq ki, aprelin 30-da İranın Sistan və Bəlucistan vilayətində də zəlzələ baş verib. Yerli vaxtla saat 19:35-də (Bakı vaxtı ilə 20:05-də) meydana gələn təbii fəlakətin episentri İranın Sistan və Bəlucistan vilayətinin Mirjavə şəhəri olub. 4.5 bal gücündə olan zəlzələ yerin 40 kilometr dərinliyində baş verib. Təbii fəlakət Mirjavədən 71 km, Kaşdan 86 km, Saravandan 140 km və Tehrandan 1271 km uzaqlıqda baş verib.

Qaynar.info