Dünya 11:37 06.12.2017

Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıyacaq

Ağ Ev prezident Donald Trampın Qüds barədə qərarının bu gün veriləcəyini açıqlayıb.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, prezidentin canlı yayımda açıqlama ilə çıxış etməsi və Qüdsü İsrailin paytaxtı kimi tanıması gözlənilir. Bu barədə Ağ Evin sözçüsü Sara Sanders verib. Donald Tramp hələ prezident seçkiləri dövründə bu barədə vəd vermişdi.

Qərara baxmayaraq ABŞ İsraildəki səfirliyini tezliklə Tel-Əvivdən Qüdsə köçürmək niyyətində deyil. Şəhərdə yeni binanın tikilməsi gözlənilir. Səfirlikdə hazırda 1000 nəfər işçi çalışır.

Qeyd edək ki, Qüds Fələstin və İsrail arasındakı mübahisəli bölgələrdən hesab olunur və ABŞ-ın bu qərarı İslam dünyası tərəfindən birmənalı qarşılanmır. İsraildə əhali qeyd mərasiminə başlasa da, Fələstində etiraz aksiyalarının keçirilməsi planlaşdırılır. Ərəb liderlər də daxil olmaqla dünyanın bir çox ölkəsi qərara etirazını bildirərək bu məsələnin bölgədəki mövcud vəziyyəti daha da gərginləşdirəcəyini deyir.

1967-ci ildə İsrail idarəsinə keçən Qüdsə daha sonra 200 min yəhudi köçürülmüşdü və bu proses beynəlxalq arenada hüquqi cəhətdən qeyri-qanuni hesab edilir. İsrail şəhəri 1980-ci ildə paytaxtı elan etsə də, bu günə qədər bu dəyişiklik heç bir ölkə tərəfindən tanınmayıb. 

Gülşən