Prezident İlham Əliyev "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1383-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.
Qaynarinfo xəbər verir ki, Nazirlər Kabinetinə Azərbaycan qanunlarının və Azərbaycan Prezidentinin aktlarının "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək;
Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək;
mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək tapşırılıb.
Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Qanununa uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.
"İnzibati icraat haqqında” Azərbaycan Qanununun 30.3-cü maddəsində "bütün sənədlər” sözləri "sənədlər, bu Qanunun 32.2-1-ci maddəsinin tələblərinə əməl edilməklə,” sözləri ilə əvəz edilib, 32.2-ci maddəsində "inzibati orqan” sözlərindən sonra ", bu Qanunun 32.2-1-ci maddəsinin tələblərini nəzərə alaraq,” sözləri əlavə edilib.
Aşağıdakı məzmunda 32.2-1-ci maddə əlavə edilib:
"32.2-1. İnzibati orqan inzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədlərin və ya məlumatların ərizəçi tərəfindən əldə olunmasını tələb edə bilməz. İnzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədləri və ya məlumatları inzibati orqan özü əldə edir. İnzibati orqanın həmin sənədlərin və ya məlumatların əldə olunmasını ərizəçidən tələb etməsi İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə səbəb olur.”.
Şərhlər