Dünya 14:22 15.10.2019

Rusiyada müzakirələr: Rusiya kimin tərəfində olsun - Suriya, Türkiyə? (TƏHLİL)

Türkiyənin Suriyada başladığı "Barış Pınarı" əməliyyatı ilk qurbanlarını verib.

Qaynarinfo xəbər verir ki, 9 oktaybrda başlayan əməliyyat çərçivəsində Türkiyə ordusu təxminən 20, PKK isə yüzlərlə hərbçi itirib. Türkiyə ordusunun PKK/YPG terror qrupundan texniki üstünlüyünü nəzərə alsaq, bu rəqəm təəccüblü deyil. Müharibənin ən güclü rəqibi ABŞ isə ərazini tərk edib. 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün baş tutan mətbuat konfransında Rusiyanın əməliyyat barədə müsbət fikirdə olduğunu dilə gətirib. Türkiyənin "Barış Pınarı" əməliyyatında hədəfi Suriya ilə sərhəddə 30 km neytral zona yaratmaq və terrorçulara qarşı hərbi əməliyyat həyata keçirməkdir. Bir neçə ölkədə, həmçinin Türkiyənin cənub-şərqində məskən salmış kürdlərin dövlət qurmaq, yaşadıqları ərazilərdə müstəqillik əldə etmək iddiaları ilə əlaqədar Türkiyə və kürd silahlıları arasında münasibətlər uzun müddətdir pisdir. 

Rəsmi Moskva isə məsələyə təmkinlə yanaşır. Hazırda Rusiyanın Suriyadakı Hmeymim hərbi bazasında rəsmi Dəməşq və kürdlər arasında danışıqlar başlayıb.

Suriya problemi ilə əlaqədar müxtəlif fikirlərə sahib mütəxəssislər Rusiyanın "Komsomolskaya Pravda" qəzetində müzakirələr aparıb. Yaxın Şərq və Mərkəzi Asiya Tədqiqat Mərkəzinin direktoru, şərqşünas Semyon Baqdasarov və türkiyəli politoloq, "Aydınlık" qəzetinin köşə yazarı Onur Sinan Güzaltan müxtəlif fikirlər səsləndirib.

1. Amerika ordusu niyə öz müttəfiqlərini təslim edərək Fəratın şərqini tərk etdi?

PKK/YPG ABŞ-ın Suriyada İŞİD terrorçularına qarşı mübarizədə əsas tərəfdaşı idi. PKK və ABŞ iki il əvvəl Raqqanın İŞİD-dən azad edilməsində əsas rol oynamışdı. 

Baqdasarov:

- Bu, ilk növbədə ABŞ Prezidenti Donald Trampa veriləcək sualdır. O biznesmendir, pul qazanmağı bilir. Əgər biznes gəlir gətirmirsə, işdən geri çəkilir. Rəsmi Vaşinqton daha əvvəl Suriya məsələsini yekunlaşdırmağa çalışıb, Əfqanıstandan qoşunlarını geri çəkməyə söz verib. Tramp qoşunların Yaxın Şərqdə fəaliyyətini lazımsız və qazancsız hesab edir. Digər məsələ isə, Ağ Ev Rusiya və Türkiyənin yaxınlaşmasını nəzərə alıb Ərdoğanla dostluq münasibəti qurmağa çalışır. Bu, ABŞ-ın kürdləri Türkiyəyə təhvil verməsinin əsas səbəbidir.

Güzaltan:

Türkiyənin siyasi və hərbi təzyiqlərindən sonra ABŞ qüvvələri regionu tərk etmək məcburiyyətində qaldı. Bu səbəbdən kürdlər dəstəksizdir. ABŞ qüvvələri hazırda Tel Abyad-Ras Əl Ayn xəttində mövcuddur. Amerikanın Suriyanı tamamilə tərk etməsindən danışmaq hələ çox tezdir. 

2. Suriya və Türkiyə arasındakı müharibədə nəyin baş verdiyindən söz açmaq mümkündür?

Baqdasarov:

- Türkiyə uzun müddətdir Suriyaya müharibə elan edib. R.T.Ərdoğan 2011-ci ildə Suriya Prezidenti Bəşər Əsədə qarşı xalq çıxışının əsas dəstəkçilərindən idi. Türkiyə şimali Suriyada təxminən 4 min kvadrat km ərazini, Azazu, Əl Bab və digər şəhərləri ələ keçirdi. Əlbəttə ki, bu müharibədir.

 
Güzaltan:
 
- Rəsmi Dəməşq və Ankara arasında qeyri-rəsmi dialoq mövcuddur. Ərdoğan və Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu bu dialoqa dəstəyini nümayiş etdirib. Türkiyənin həyata keçirdiyi əməliyyatın məqsədi mülki kürdlərlə yox, Kürdüstan İşçi Partiyası ilə (PKK) mübarizədir. Təşkilat Şimali Suriyaya nəzarət edir və qonşu ölkələr tərəfindən terrorçu qrup kimi tanınır. Suriya və Türkiyə 1998-ci ildə PKK-nın terrorçu qrup kimi tanınması barədə rəsmi razılıq imzalayıb. Bu o deməkdir ki, Türkiyənin "Barış Pınarı" hərəkatı həm də rəsmi Dəməşqə fayda verəcək. Vaşinqton isə Dəməşq və Ankara arasındakı konfliktin qalmasında maraqlıdır. Fikirləşirəm ki, iki ölkə rəhbərləri ABŞ-ın bu oyununa gəlməyəcək. 

3. Bəs Rusiya? Rusiya hazırda Ankara və Dəməşqlə tərəfdaşdır.

Baqdasarov:

- Suriya ordusu ölkənin şimalındakı şəhərlərə girməyə başlayıb. Həmin yerlərdə əvvəllər ABŞ-ın kürd müttəfiqləri yerləşirdi. Aydındır ki, Dəməşq Moskva ilə məsləhətləşmədən bu addımı atmır. Həmin ərazilərdə uçuşun qadağan olunduğu bölgə yaratmaq barədə fikirlər mövcuddur. Əlbəttə ki, belə bir plan həyata keçsə, şimal şəhərlərində bizim razılığımız olmadan heç bir ölkə əməliyyat həyata keçirə bilməyəcək. Bu siyasətə davam etməliyik. Türkiyə ən yaxşı müttəfiq deyil, bu ölkə ilə dostluğu dayandırmalıyıq.

 
Güzaltan:

- Regionda terrorizm və ABŞ provakasiyasına qarşı ən yaxşı həll yolu Suriya və Türkiyə arasında dialoqdur. Rusiya prosesdə vasitəçilik edə bilər. Fikrimcə, Rusiya terror təşkilatı və ABŞ oyuncağı olan Kürdüstan İşçi Partiyasına qarşı rəsmi Ankaranı dəstəkləyə bilər. Regionumuz Yaxın Şərqdə sabitliyi pozmağa çalışan Qərbin cəhdlərinə qarşı bizi birləşdirə bilər.


Kürdlər İŞİD terrorçularını azad etməklə hədələyir

İŞİD və digər terror qruplarının yüzlərlə üzvü Suriyanın şimalında həbsdə saxlanılır. Kürd liderlər "Barış Pınarı" əməliyyatı başlayandan bəri terrorçuları azad etmək barədə hədələr yağdırır. Siyasi analitik Mixail Friben məsələ ilə bağlı danışıb:

 - Kürdlər artıq sonuncu kartlarını oynayır. Demək istəyirlər ki, itkiləriniz çox, qazandıqlarınız az olacaq. Lakin hamı bilir ki, bu blöfdür. Azad ediləcək terrorçular dininə və milli mənsubiyyətinə görə kürdləri qətlə yetirəcək. Kürdlər yaxşı bilir ki, terrorçu məhbusların sayını və təhlükəsini artırmağa ehtiyac yoxdur. 

 
Rusiya Federasiyasının sözçüsü Dmitri Peskov:

"Rusiyanın mövqeyi dəyişməyib"

- Biz Türkiyə və Rusiya qoşunlarının Suriyada qarşı-qarşıya gəlməsi barədə belə düşünmürük. Məsələ ilə bağlı Türkiyə və Rusiya rəsmiləri arasında əlaqələr davam etdirilir. Suriyadakı hərbi birliklərimiz arasında da əlaqə mövcuddur. Türkiyənin Suriyada əməliyyata başladığı ilk günlərdən bəyan etmişik ki, siyasi razılıq prosesinə müdaxilə edə biləcək və bölgədə konflikti artıracaq istənilən addımın əleyhinəyik. Bu mövqeyimiz dəyişməyib və hamıya məlumdur.

Gülşən