Sağlamlıq 19:19 05.01.2019

2020-ci ildə 12 milyon insan bu səbəbdən öləcək

"Hər il nikotindən 6 milyona yaxın insan dünyasını dəyişir. 2020-ci ildə isə bu rəqəmin 2 dəfə artacağı gözlənilir".

Qaynarinfo xəbər verir ki, bu sözləri nevropatoloq Azər Məmmədov siqaret aludəçiliyi, ondan qurtulmağın yolları və siqaretin insan orqanizminə vurduğu zərərlər barədə Modern.az-a müsahibəsində deyib.

Həkim bildirib ki, bu gün dünyada insan üçün ən ciddi problemlərdən biri tütündür. A.Məmmədovun sözlərinə görə, xüsusilə kişilərin daha çox infarkt keçirməsinə səbəb məhz siqaret istifadəsidir:

"Uzun illərdir həkimlər həyəcan təbili çalırlar ki, siqaret ağciyər və ürək-damar xəstəliklərinin inkişafına, həmçinin bronxial xərçəng, xroniki bronxit, emfizema və bir çox xəstəliklərə səbəb olur. Siqaret 1-ci nəfəs yollarına daxil olduğundan ona ziyan vurur.

Siqareti tərgitmək bir az səbir və inam tələb edir. Biz indi yeni bir üsulla bu bəladan qurtarmağın yollarını təqdim edirik. Bu yaxınlarda mən siqareti çox böyük həvəslə istifadə edən bir xanıma dedim ki, istəsəniz, bu ziyanlı vərdişdən sizi xilas edə bilərəm. Dedi: "Nə danışırsınız?! Mən siqaretdən zövq alıram”. Tütün istifadəçilərinin çoxu nikotinin insan orqanizminə necə ziyan vurduğunu bilmir”.

Həkim siqaretin səbəb olduğu xəstəliklərdən də danışıb:

"Siqaret damar keçiriciliyini zəiflədir, kapilyar damarlarda qanın axmasını pozur, yəni hipoksiya əmələ gətirir. Siqaretin törətdiyi qorxulu xəstəliklərdən biri də infarktdır. Tütün məhsullarından istifadə edən şəxslərin ürəyində qan dövranı azalır və ürəyin fəaliyyəti zəifləməyə başlayır. Nikotin qan təzyiqinə səbəb olur, nəticədə insan infarkt keçirir. İnfarkt keçirən xəstələrin əksəriyyəti siqaret çəkənlərdir. İndi təsəvvür edin ki, həmin insanlar əməliyyat olunub və yenidən siqaret çəkirlər. Bu nə deməkdir? Bu onların ömrünün qısalması deməkdir, xəstəliyin kəskinləməsi deməkdir”.