Foto 14:36 27.01.2020

“Deməyə sözümüz var” layihəsi Tovuzda (FOTOLAR)

"Deməyə sözümüz var” - məktəbli foto və video jurnalistika kursları” layihəsi Tovuz şəhər N.Tusi adına təbiət və texniki fənlər təmayüllü məktəb-liseyi tərəfindən keçən ilin sentyabr ayından etibarən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü qrant müsabiqəsi çərçivəsində həyata keçirilməyə başlayıb. 

Layihənin məqsədi müasir texnologiyalardan istifadə etməklə cəmiyyətdə mövcud olan əhəmiyyətli uğurlara və problemlərə geniş ictimaiyyətin diqqətini cəlb etmək üçün məktəblilər arasında bilik və bacarıqların artırılmasından ibarətdir.  

Yanvar ayında layihə çərçivəsində əvvəlki aylarda foto və video jurnalistika kurslarında iştirak etmiş yeniyetmələr tərəfindən hazırlanmış və böyük ölçülü yüksək keyfiyyətlə çap edilmiş ümumilikdə 30 foto və 2 videoçarxı geniş ictimaiyyətə çatdırmaq üçün Tovuz şəhərində təşkil edilən sərgidə nümayiş olundu. Açılış mərasimində layihənin rəhbəri kimi Tovuz şəhər N.Tusi adına təbiət və texniki fənlər təmayüllü məktəb-liseyinin direktoru Valeh Məmmədov çıxış etdi. Layihənin donoru, məqsəd və vəzifələri haqqında məlumat verdi, həyata keçirilən fəaliyyətlər barədə qonaqları tanış etdi. Daha sonra tədbirdə iştirak edən rayon təhsil şöbəsinin, gənclər və idman idarəsinin, Heydər Əliyev Mərkəzinin rəhbərliyi, eləcə də, bir sıra məktələrin direktorları çıxış edərək layihənin vacibliyindən danışmış, gələcəkdə bu cür fəaliyyətin daha geniş formatda həyata keçirilməsinin önəmli olmasını vurğulamışlar. Açılış çıxışlarından sonra qonaqlar hazırlanmış fotolar və çəkilmiş videoçarxlar ilə tanış oldular.

Növbəti ay ictimaiyyəti, valideynləri, müəllimləri, şagirdləri və KİV-ləri layihənin yekunu haqqında məlumatlandırmaq məqsədi ilə yekun prezentasiyanın keçirilməsi nəzərdə tutulub. 

Layihə bu ilin fevralında yekunlaşacaq.