Ölkə 17:26 02.12.2013

24 yaşlı qadın YOXA ÇIXDI


Ana: “Qızımın ya ölüsünü, ya dirisini tapsınlar”


Gəncə sakini 3 il bundan əvvəl gəlin köçürdüyü qızını axtarır. Bu barədə qadın ANS PRESS-ə zəng vuraraq məlumat verib.

Gəncə şəhər sakini Zərnişan Rəsulova 2010-cu ildə Şəmkir rayonuna ərə verdiyi 1989-cu il təvəllüdlü Tünzalə Zahid qızı Rəsulovanın yoxa çıxdığını bildirib. Qadının sözlərinə görə, qızı bu ilin avqust ayının birində ərinin evindən günorta saatlarında çıxıb və bir daha qadını gördüm deyən olmayıb. Bu barədə ona kürəkəni Anar Rəsulov məlumat verib. Qızının mobil telefonuna zəng vuran Zərnişin əvvəlcə zəngə naməlum qadının cavab verdiyini deyib.

“Telefona bir qadın cavab verdi və “Qızını sabah qaytaracağıq”, - deyə mənə bildirdi. Qızımın ağlamaq səsini eşitdim. Daha sonra telefon bağlandı və bir daha həmin nömrəyə zəng çatmadı. Kürəkənim deyir ki, narahat olma. Qızını tapacağıq”, - deyə Zərnişan Rəsulova bildirib.

Qadın kürəkəninin həm banka, həm də, qonşuluqda yaşayan qadına külli miqdarda borclu olduğunu deyib. Zərnişan Rəsulova deyir ki, kürəkəni sələmə pul götürüb. Ana qızının elə bu səbəbdən də oğurlandığını iddia edir: “Anar borcunu verə bilmir. Bu üzdən də, onun arvadını girov götürüblər. Qorxuram qızımı öldürərlər. Qızımın ya ölüsünü, ya da dirisini tapsınlar”.

Məsələ ilə bağlı Kəpəz rayon Polis İdarəsinin cinayət-axtarış əməliyyat müvəkili Asəf Musayev ANS PRESS-ə açıqlamasında hazırda Tünzalə Rəsulovanın axtarışlarına başlandığını bildirib. Onun sözlərinə görə, qadının itməsində ərinin heç bir günahı yoxdur. Onlar bankların birindən kredit götürüb ödəyirlər. Qadın da bir nəfərdən borc pul götürüb. Hər iki borcu Anar Rəsulov ödəyir.

“Hazırda qadının şəkilləri bütün polis idarə, bölmə və şöbələrinə verilib. Bütün hüquq-mühafizə orqanları bu məsələdən xəbərdardılar. Qadını tapandan sonra bütün qaranlıq məqamlara aydınlıq gətiriləcək”, - deyə Asəf Musayev vurğulayıb.

Arvadının itkin düşməsində qaynananın günahlandırdığı Anar Rəsulovla əlaqə saxlaya bilmədik. Lakin öyrəndik ki, belə bir fikir də yayılıb: guya qadın pulları götürərək yoxa çıxıb. Sadəcə izi itirmək üçün itkin düşməsi barədə şayiə yayıb.


Qaynar.info