Ölkə 23:17 19.08.2013

3 partiya Milli Şuranı tərk edib? - İDDİA

Milli Şuranın bugünkü gərgin iclasından və keçirilən brifinqdən sonra sensasion bir məlumat yayılıb. 

Şuranın sessiyasında iştirak edən bir neçə üzv musavat.com-a məlumat verib ki, səsvermənin nəticələrindən narazı qalan 3 partiya Milli Şuranın sıralarını tərk edib. 

İddiaya görə, səsvermənin nəticələri elan olunan kimi ACP, KXCP və Liberal Partiyası, o cümlədən də “EL” hərəkatının bəzi üzvləri Milli Şuradan çıxdıqlarını söyləyərək, iclas zalını tərk ediblər. Lakin onların bu jesti sonradan rəsmi bəyanatlarla müşayiət olunmayıb.

Bu baxımdan “Milli Şura dağıldı” kimi iddia irəli sürmək, mümkündür ki, hələ tezdir. 

Milli Şura rəhbərlərindən biri isə müxbirimizə dedi ki, onlar sadəcə qərardan narazı qalıblar: “Getdilər, amma iclasın sonu olduğu üçün hamı getdi. Hələlik məlumatımız budur. Sonra nə olacaq, deyə bilmərəm”. 

musavat.com