Ölkə 16:17 22.01.2020

3 uşağıyla evdən qaçan ana sığınacağa yerləşdirildi: “Uşaqların dodaqları əsir...”

26 yaşlı Əfsanə İsayeva 3 uşağı ilə birlikdə Bakıda sığınacağa yerləşdirilib.

Bu barədə Qaynarinfo-ya Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kamalə Ağazadə bildirib. Onun sözlərinə görə, Əfsanə sığınacağa dünən gecə Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən gətirilib:

"İzahatları alınıb. Vəziyyəti çox pisdir, həddindən artıq qorxu içindədir. Narahatlıq keçirir. Qadının bədənində yetərincə işgəncə, döyülmə izləri var.

"Məni qırmancla döyür, qarnımın üstünə çıxıb tapdalayır, bədənimdə siqaret söndürür, uşaqları da döyürdü", - evdən qaçan 3 uşaq anası əri haqda deyib.

Uşaqların qorxudan dodaqları əsir. Uşaqlarla danışıq aparılmayıb. Onlar anasının döyülmə faktını təsdiqləyib. Uşaqların böyüyü 8, ikincisi 7 yaşında, üçüncüsü isə 7 aylıqdır. Heç biri təhsil almayıb. Güman ki, uşaqlar da təsərrüfat işlərinə cəlb olunubmuş. Qadın o ailə üçün qul olub, bir də ərinə dünyaya uşaq gətirmək üçün vasitə. Əfsanənin əri içki düşkünüdür”.
 


Kamalə Ağazadə bildirib ki, Əfsanənin həyat yoldaşı onunla barışmaq istəyir. Amma... 

"Araşdırma gedir. Ailə barışmaq istəyir, amma Əfsanə istəmir onu. Əri onu qırmancla döyüb. Qırmancla at və eşşəyi döyərlər. Bir insana bunu niyə edərlər? 16 yaşında ana bunu ərə verib. Əfsanə dəfələrlə anasına ərinin ona etdiyi zülmdən bəhs edib. Amma məhəl belə qoymayıb anası. Deyib ki: "Ərə getmisən, ordan yalnız meyitin çıxacaq” və qızının sinəsindən vurub geri qaytarıb”.

Qeyd edək ki, Xızı rayonunda ana və 3 övladı itkin düşmüşdü. Qadının həyat yoldaşı İsayev Səxavət hüquq-mühafizə orqanlarına məlumat verərək 1993-cü il təvəllüdlü həyat yoldaşı İsayeva Əfsanə Cəmil qızının 17.01.2020-ci il tarixində günorta saatlarında 9 yaşlı qızı Nurcanı, 8 yaşlı oğlu Nurlanı və 1 yaşlı oğlu Sərxan İsayevi götürərək yaşadıqları fermadan çıxaraq naməlum istiqamətdə getməsi və bir daha geri qayıtmaması barədə məlumat vermişdi. 
 


Bahar Rüstəmli