Ölkə 18:25 05.01.2013

3Ö xoşbəxtliyi


Jalə İSMAYIL

Uşaqlığımın ən böyük xəyal qırıqlığı leylək söhbəti deyildi, yox. O söhbəti çox sonralar lətifə kimi oxumuşdum. Valideynlərimə yaranışımla bağlı sual verəcək qədər ağıllı uşaq olmamışam demək. Nə isə, qaranlıq keçmişi rahat buraxaq.

Al-əlvan paltarlar geyinib quş kimi süzən rəqqasələrin hörükləri oldu ən böyük xəyal qırıqlığım. Bir gün kimsə dedi ki, uzun, qara hörüklər onların öz saçları deyil. Süni hörüklər milli qız obrazı yaratmaq üçünmüş. İnanmaq istəmirdim eşitdiyimə. Saçların həqiqi olduğunu özümə isbat etmək üçün az qala televizorun içinə girirdim.. Alınmadı. Nə isə, qaranlıq keçmişi rahat buraxaq.

Bu gün elə effektlərlə üz-üzəyəm ki, süni hörüklər qətiyyən incitmir. Üçölçülü effektlər dövrünün sakini olaraq artıq filmlərdəki dənizlərin dəniz, dağların dağ, göz yaşlarının göz yaşı olduğuna inanmıram və kinodan yavaş-yavaş uzaqlaşıram. Təqaüdçü nəsil kimi sovet və köhnə italyan filmlərində ilişib qalmışam. Artıq aktyorların da aktyor-adam olmadığı bir filmi izləyə  biləcək fantaziyaya sahib deyiləm. Ekranda insan gülüşünü, göz yaşlarını, sevincini, iztirablarını görmək istəyirəm. İnsan 3Ö-lü ağrıya bilməz. Yox, bu mənim bədbin gəncliyimlə bağlı deyil. Əslində... nə isə, qaranlıq keçmişi rahat buraxaq.

Effekt orijinalla saxta arasında bir yerdədi. Orijinala oxşayır, amma saxta deyil, sadəcə istənilən effekti verir. Qara paltarlar arıq göstərir, hündürdaban ayaqqabılar ucaboy effekti verir, danışıb-gülməmək, zarafat etməmək də ciddilik deməkdi. Anlayışların özünü deyil, effektini görmək yavaş-yavaş orijinalın necə olduğunu unutdurur. Biz effektlər dünyası qururuq hamılıqla.

Sosial şəbəkələr 3Ö-3D xoşbəxtliyinin vətənidir və yaxın keçmişdəki forumlardan daha effektivdir. Burada kimlərsə xoşbəxtdi, kimlərisə əri ya arvadı çox sevir, kimlərsə öz toy fotolarında bacardığı qədər ürəkdən gülümsəyir, kimlərsə siyasi mübarizə aparır, kimlərsə qatı dindardı, kimlərsə romantikdi, amma divara dirəsən, qeyri-adi bir evlənmə təklifi fikirləşə bilməz (Bu mövzuya nahaq girdim. Buna sonra qayıdarıq. Romantiklik effekti verənləri də rahat buraxaq. Hələlik).
Kənardan görünən xoşbəxtliyin sadəcə bir effekt olması adamı incidir. Heç kim bədbəxt görünmək istəmir. Özünəmi, ətrafamı lazımdı onun xoşbəxtlik effekti – bu da bəlli deyil. Motiv nə olursa, olsun, adamların guya xoşbəxtəm görüntüsü verməsi təəssüf doğurur. Xüsusən, dəqiq biləndə ki, bu, belə deyil. Xüsusən də bunu qadınlar edəndə. Hər şey bir yana, sadəcə əminəm: bir qadın sevdiyinin qadını deyilsə, onun heç nəyinə - şöhrətinə, vəzifəsinə, istedadına, gözəl üzünə, uzun saçına - həsəd aparmağa dəyməz.

Effekt gözləri aldatmaq üçündür. Biz - 3Ö-nün müasirləri, yaratdığımız effektlərin əlində əsir-yesir qaldıqca, artıq beynimizi və ürəyimizi də aldatmağı öyrənirik. Olan-keçən ürəkdən gözə deyil, köhnə şairlərin təsbitinə görə, gözdən ürəyə keçməkdədi. Hisslərimizə deyil, gözlərimizə inanmaqla kifayətlənib yaşayırıq.

Yaşayırıq?

P.S.Mövzuya dəxli olmasa da: varlı adam satdığından ala bilən adamdır.