Ölkə 11:26 18.05.2013

4 hərbçinin öldüyü qəzanın səbəbləri açıqlandı - YENİLƏNİB

Qəzaya pis hava şəraiti və təkərdə yaranmış nasazlıq səbəb olub

Azərbaycanın şimal bölgəsində qəzaya uğrayan avtomobil hərbi maşın olmayıb. Bu barədə APA-ya açıqlamasında Daxili Qoşunların mətbuat xidmətinin rəhbəri Təranə Məmmədova bildirib. O, qeyd edib ki, qəzaya uğrayan “RAF” markalı maşın ölən hərbçilərdən birinə məxsus olub: “Həmin maşın hərbi maşın olmayıb”.

T. Məmmədova qəzanın baş verməsinin səbəblərini də açıqlayıb: “Qəza hərbçilər işə gedən zaman baş verib. Qəzaya havanın yağmurlu olması nəticəsində yolun sürüşkənliyi və avtomobilin təkərində baş verən nasazlıq səbəb olub. Qəzaya uğrayan avtomobildə ümumilikdə 11 nəfər olub və nəticədə onlardan 4-ü dünyasını dəyişib. Digər sərnişinlər isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər”.

10:41

Yol qəzasında ölən hərbçilərin adları açıqlanıb.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, qəza nəticəsində Daxili Qoşunların müddətdən artıq xidmət edən hərbi qulluqçuları Ayaz Bayramov, Rəşad Adıgözəlov, Seymur Əliyev və Elmir İsmayılov aldıqları xəsarətdən hadisə yerindəcə dünyasını dəyişiblər.

Qəza zamanı xəsarət alan hərbçilər isə xəstəxanaya yerləşdirilib.

Xəsarət alan hərbçilər isə aşağıdakılardır  - 1992-ci il təvəllüdlü İskəndərov Əfqan Şərif oğlu, 1986-cı il təvəllüdlü Məmmədov Fariz Elbəy oğlu, 1992-ci il təvəllüdlü Həsənov Elnur Maksim oğlu, Musayev Ruslan Sabir oğlu, İsmiyev Elbəy Ədalət oğlu, İsayev Namiq Qəhrəman oğlu, Ağaəlizadə İsmayıl Bəhaləddin oğlu.

Qeyd edək ki, məlum hadisə bu gün Quba rayonunda qeydə alınıb. Hərbçiləri daşıyan hərbi maşının aşması nəticəsində 4 nəfər ölüb, 9 hərbçi xəsarət alıb.

09:56

Bu gün səhər saatlarında Bakı-Quba Rusiya yolunun 179-cu km-də hərbçilər dəhşətli qəzaya uğrayıblar. ANS PRESS-in verdiyi məlumata görə, “RAF” markalı maşının Atuc kəndi yaxınlığında idarəetməni itirərək yolun sağ tərəfində çinar ağacına çırpılaraq aşıb. Quba polis şöbəsinin istintaq bölməsinin baş müstəntiqi Rövşən Turabovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, qəza nəticəsində 4 nəfər ölüb, 7 hərbçi yaralanıb.


Yaralılar Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Lakin hərbçilərdən ikisinin vəziyyəti daha ağır olduğu üçün onlar helikopterlə Bakıya göndəriləcək.

Hadisə ilə əlaqədar Hərbi prokurorluqda araşdırmalara başlanılıb.

Qaynar.info