İdman 09:45 13.08.2017

4 qat dünya və 7 qat Avropa çempionumuzun doğum günüdür (FOTO)

Bu gün Poverliftinq üzrə Avropa və dünya çempionu Vüqar Namazovun doğum günüdür. "Qaynarinfo" xəbər verir ki, tanınmış idmançımızın 38 yaşı tamam olur.

Vüqar Namazov 1979-cu ilin 13 avqustunda Şəmkir rayonunun Çaparlı kəndində dünyaya gəlib. 1985-1996-cı illərdə Şəmkir rayonu Kür qəsəbəsində təhsil alıb. 1997-2001-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Bakalavr pilləsi üzrə, 2001-2003-cu illərdə isə həmin universitetin Magistr pilləsini, 2003-2006-cu illərdə Aspiranturasını bitirib. 2008-2013-cü illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

Şəmkirdə yaşadığı illərdə güləşə maraq göstərən Vüqar Namazov soradan ağır atletikaya meyllənib və poverliftinqlə məşğul olmağa başlayıb. 

1997-ci ildə peşəkar idmana başlayan Vüqar Namazov VPS, VPC və poverliftinq idman sahəsi üzrə ən yüksək dərəcə hesab edilən WORLD POVERLIFTINQ SHAMPIONE SHOPE kateqoriyası üzrə 4 dəfə dünya, 7 dəfə Avropa çempionu olub. Eyni zamanda, böyüklər arasında APF versiyası üzrə dünya rekordçusudur. Poverliftinq üzrə bir neçə ilə ardıcıl rekordlara imza atıb: 2000, 2001, 2003, 2012-ci illərdə rekord göstəricilərlə Azərbaycan bayrağının yüksəklərdə dalğalanmasına səbəb olub.

Prezident İlham Əliyev Vüqar Namazovu fəxri fərmanla təltif edib və mənzil bağışlayıb. 

İqtisad Universitetinin məzunu olan Vüqar Namazov Vergilər Nazirliyində çalışır və zabitdir. 

Qaynarinfo.Az