Dünya 09:35 22.02.2018

40 il sonra şokolad istehsalı mümkünsüz olacaq

98 milyard dollarlıq şokolad sənayesinin əsasını təşkil edən kakaonun gələcəyi təhlükə altındadır.

Qaynarinfo xəbər verir ki, mütəxəssislərə görə, yaxın 40 ildə dünyada şokoladın istehsalı qeyri-mümkün ola bilər. Qlobal istiləşmə, həşərat təhlükəsi dünyanı şokoladsız bir yerə çevrilmə təhlükəsi ilə üz-üzə qoyur. Bir çox insan bu mövqeni radikal hesab etsə də, yanvar ayında Fransada baş verən "Nutella üsyanı" məsələnin ciddiliyini göstərən amillərdəndir.

"Euromonitor" tədqiqat şirkətinin hesabatına görə, dünyada şokolad tələbi 2016-2017-ci illərdə 7 min 540 tona çatıb. Bu rəqəm, son 5 illə müqayisədə 10% daha çoxdur. Ən böyük tələb artımı isə Çin və Hindistanda olub. Hindistanda bu rəqəm 13%-dir.

Ən böyük şokolad bazarı ABŞ-dadır. Dünyadakı şokoladların 20%-i burada istehsah edilir. Ən yüksək şokolad istehlakı isə İsveçrədədir. "Chocosuisse" ticarət təşkilatına görə, İsveçrədə adam başına düşən illik şokolad istehlakının miqdarı 11 kq-dır. 

Kakao istehsalını analiz edən "Cocoa Organization" təşkilatı son 20 ildə həm kakao təchizatı, həm də kakao tələbinin yüksək olduğu dövrlərin mövcudluğunu vurğulayır. "Bloomberg"ə görə, 2017-2018-ci illərdə kakao təchizatının miqdarı tələbdən 97 min 500 ton artıq olacaq. 

Son 30-40 ildə kakao qiymətində enmə müşahidə edilir. 1970-ci illərin sonunda tonu 4 min dollara olan bu bitkinin qiyməti hazırda 2 min 138 dollardır. 

Məsələni qəlizləşdirən digər məqam gənclərin kakao istehsalında iştirak etməməsidir. Bitkinin satış qiymətindən yalnızca 6,6% xeyir əldə edən fermerlərin orta yaşı 51-dir. 

Yalnızca tropik bölgədə, kiçik yerdə yetişən kakao ağacından ildə sadəcə yarım kilo kakao əldə olunur. Həmçinin bu bitki zəhmət və diqqət tələb edir. Kakao meyvələri eyni vaxtda yetişmədiyi üçün, ağaclara tez-tez baxmaq lazımdır. 

Georgia Universitetinin hazırladığı hesabata görə, iqlim dəyişikliyi kakaonun becərildiyi Qana, Fildişi Sahili kimi ölkələrdəki əkin sahələrinə ciddi təsir göstərəcək. 

Kakao bitkisi yabanı və zərərvericilərə qarşı dözümlülüyü ilə seçilir, lakin Amazon bölgəsindən Afrikaya gətirilən bitkinin fərqli virus və təbiətlə tanışlığı vəziyyəti dəyişib. 
1980-ci illərin sonunda Braziliyanın şimal-şərqində yayılmağa başlayan epidemiya 1991-ci ildə 320 min ton olan istehsalı 2000-ci ildə 191 min tona endirib. Böhrana gətirən digər səbəb kakaoya düşən xəstəliyin vaxtında diaqnozunun mümkünsüz və çətin olmasıdır. Arizona Universitetindən olan Cudi Braunun komandası nəhəng şokolad istehsalçılarından olan "Mars" şirkəti ilə birlikdə erkən diaqnoz üçün molekulyar test hazırlamaq niyyətindədirlər.

Bəzi mütəxəssislər isə, genetik dəyişikliklə kakaonu daha davamlı etməyə çalışırlar.
 
Gülşən