Ölkə 15:03 18.05.2013

41 ölü, 44 yaralı - SON STATİSTİKA

“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin kütləvi informasiya vasitələri üzərində həyata keçirdikləri monitorinqin nəticələrinə əsasən adlı siyahı üzrə 2013-cü ilin geridə qalan dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 41 nəfər təşkil edib. 

Bu barədə Qaynar.info-ya məlumat verən “Doktrina” JHAM direktoru Cəsur Sümərinli qeyd edib ki, ötən müddətdə 44 nəfər yaralanıb və ya xəsarət alıb. C.Sümərinlinin sözlərinə görə, müvafiq dövrdə dünyalarını dəyişənlərin 7-i döyüş (7 nəfər erməni gülləsi), 34-ü isə qeyri-döyüş itkiləridir. Bundan başqa, C.Naxçıvanski adına hərbi listeyin kursantı da naməlum səbəbdən dünyasını dəyişib (hərbi qulluqçu statusuna malik olmadığına görə siyahıda ayrıca qeyd olunur).

5 nəfər bədbəxt hadisədən (suda boğulma, yıxılma, tank altında qalma, yanma), 8 nəfər avtoqəzadan,  3 nəfər vertolyot qəzasından, 2 nəfər naməlum səbəbdən,  1 nəfər ehtiyatsızlıqdan, 3 nəfər qeyri-nizamnamə (qanunazidd) hərəkətlərindən, 3 nəfər xəstəlikdən dünyasını dəyişib.  9 nəfər intihar edib. 

Dünyasını dəyişənlərin 31-i Müdafiə Nazirliyinin, 1-i  Dövlət Sərhəd Xidmətinin, 7-i Daxili Qoşunların, 1-i XDMI-nin, 1-i Fövqəladə Hallar Nazirliyinin (1 nəfər Naxçıvan FHN) hərbi qulluqçularıdır.

Yaralılara və xəsarət alanlara gəlincə (44 nəfər) C.Sümərinli bildirdi ki, onların 10-u qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan) 3-ü intihara cəhddən, 3-ü mülki şəxslərlə davadan, 6-ı erməni gülləsindən, 1 nəfər mina partlayışından, 3-ü bədbəxt hadisədən (liftin şaxtasına yıxılma, yanğın və s.), 18-i isə avtoqəza nəticəsində yaralanıblar və ya xəsarət alıblar. 33 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 5 nəfər Dövlət Sərhəd Xidmətinin, 6 nəfər Daxili Qoşunların hərbi qulluqçusudur. Yaralıların və xəsarət alanların bir çoxu xidmət yerinə qayıdıblar.

Qaynar.info