Lalə Niftaliyeva
Foto 12:30 30.10.2017

46 nömrəli cəllad

Neçə gündü dəlixanaya getməyin yolları haqqında düşünürəm. Ciddiyəm.. Səbəb ordan reportaj hazırlamaqdır. Elə ağrılar var ki, onları yazmaq üçün görmək və yaşamaq lazımdır. Lakin indi yazmaq istədiyim ağrı, ağrı da deyil, ağır dərddi. 46 nömrəli marşrut boyda.

Bu gün də həmin marşrutdan istifadə edəndən sonra qərara gəldim ki, mənim dəlixanaya getməyimə ehtiyac yoxdu. Bu ölkədən böyük dəlixana?
28 may metrosunun yanından Nobel prospektinə, ordan da Köhnə Günəşliyə gedən 46 nömrəli marşrutda artıq hamı bir-birini tanıyır. Tanıyır yox ha, tanımağa məcburdur. 15 dəqiqədən bir gələn bu marşrutun yükünü azaltmaq üçün 21 nömrəli "BakuBus" da həmin yolu gedir. Lakin dəyişən bir şey yoxdu. Bütn vacib işlər, məktəb və universitetlər şəhərin mərkəzindədir. Ucuz evlər isə kənarda. Maşının yoxdusa, məcbursan marşrutdan istifadə etməyə. Həm orta aylıq maaşı 300 AZN olan ölkə vətəndaşı təbii ki, ictimai nəqliyyatdan istifadə edəcək.
 
Sözüm onda deyil, səhərlər bu marşruta minmək üçün ağıllı yox, arıq və güclü olmaq lazımdır. 3-4-cü cəhddən sonra bir təhər marşruta minirsən. "21 nömrə" bəzən qapıları açmır, düzü açsa belə, avtobusa minmək mümükün olmur. Çünki bizim millətin qəribə nəqliyyat mədəniyyəti var. "Mən tez düşəcəm" deyib dururlar qapının ağzında. Nə minmək istəyənlərə yol verirlər, nə də düşmək istəyənlərə. 
 
Gedəcəyin yerə çatana kimi sərnişinlərlə o qədər qucaqlaşırsan ki, bəlkə heç sevgilinlə o qədər qucaqlaşmamısan. Burdan o "İctimai yerlərdə öpüşüb, qucaqlaşmaq ayıbdır" deyənlərə səslənirəm. Bəs marşrutda bir-birinizin içində getdiyiniz vaxt niyə sizin namus və vicdanınız dilə gəlmir? Əşi adama deyərlər niyə də gəlsin ki? Seksə ac olan millət üçün bu basabas əsl fürsətdir...
 
Mövzudan uzaqlaşmadan qayıdaq "46 nömrəli" dərdə. Bakı Nəqliyyat Agentliyi deyəsən, bu marşrut üçün xüsusi sürücü kursu açıb. Sürət həddini aşmayan, dayancaq da yox, sərnişin gördükləri yerdə saxlayan və avtobusu aşırmaq üçün əllərindən gələn hər şeyi edən sürücüləri işə qəbul edirlər. Düzdü, burda sərnişinlər də həmin sürücü qədər günahkardırlar. Axı demişdim, biz dəlixanadayıq. Elə buna görə də təklif edirəm ki, dayanacaqlar tamamilə yığışdırılsın. Nəqliyyat Agentliyinə isə heç gərək yoxdur. Niyə? Çünki şikayətlər onların qaynar xəttində qorunub, saxlanılır...
 
Bu gün yenə eyni marşrutda, eyni basa-basda işə gəlirdim. İki dəfə qəza şəraiti yaradan avtobus, əsəb sistemimizi korlamaqla qalmayıb, dayanacağın yanından da düz keçdi. Deyəndə ki, a kişi, dayanacaqda niyə saxlamırsan? Məni günahkar çıxarıb, utandırıb, yerin dibinə soxub deyir ki, "Soruşdum da, vaxtında cavab verərdin". Hə, bütün günahlar məndədi. Axı mən bilməliyəm ki, bizdə dayanacaqda yox, sərnişin olan yerdə saxlayırlar marşrutu. Məlum marşrutun nömrəsini də sizə təqdim edirəm. Niyə sizə? Çünki Nəqliyyat Agentliyi üçün bu nömrənin bir fərqi yoxdur.
 

 
Bu camaatı kütləvi öldürmək istəyirsinizsə, onları dəli etmədən daha rahat üsulla öldürməyin yolları var. Axı biz Almaniyadan və Avropadan daha yaxşı şəraitdə yaşayırıq. Bu canıyanmış avropalılar bütün mədəni nəsnələri bizdən öyrənir. İndi siz sivil ölümün yolunumu tapa bilməyəcəksiniz? 
 
Lalə Niftaliyeva
Qaynarinfo.Az