Amal Abuşov

1 oktyabr 2018-ci il. Yeni ayın, yeni iş həftəsinin ilk günü. Digər günlərdən xüsusi fərqi yoxdu. Günə adi qaydada başlayır, görüləcək işləri, planları gözdən keçirirəm. İş bölgüsü, tapşırıqlar məlum olur. Özüm də hansı mövzuları diqqətdə saxlayacağımı müəyyənləşdirirəm, nələrdən yazmalı olduğumu ölçüb-biçirəm və...

...Qəfildən dayanıram. Axı bu gün bir qədər fərqli olmalıdı. Çünki bu günkü tarixi Sport7.az üçün özəl gündü, əlamətdar sayılır. Bəli, 1 oktyabr Sport7.az-ın geniş oxucu auditoriyası ilə görüşə gəldiyi, aktiv fəaliyyətə başladığı gün kimi tarixə yazılıb. Sözün qısası, saytımızın yarandığı gündü. Yaddaşımızı vərəqləyir, ötənləri xatırlayır, dörd illik tarixə yenidən nəzər salıram.

Kövrək addımlarımız sentyabrın ilk günlərindən atmağa başlamışdıq. Sentyabrın istisiylə içdiyimiz çayın hərarətini bir-birinə qatıb, dəyərli Zahir Əzəmətlə birlikdə gələcək planları müzakirə edirdik. "Qaynar–Media” MMC-yə daxil olan saytlar qrupuna, "qaynar ailə”yə yeni üzv gələcəkdi. İdmandan yazacaq, ölkə idmanının problemlərini qabardacaq, uğurlarını dünyaya bəyan edəcəkdi. Haqq sözün tribunası olacaq, heç kimdən çəkinmədən, qorxmadan öz sözümüzü deyə biləcəkdik. Kimsənin haqqını yemədən, şərəf və ləyaqətini tapdamadan, böhtan və şər yazmadan tənqid edəcək, qaranlıqları aydınlacadacaqdıq. Dörd ildi ki, bu yolda, dəyişməyən prinsiplərlə irəliləyirik.

Beləcə başladıq, yeni yola qədəm qoyduq. Artıq sentyabrın 15-dən Sport7.az-ın daim yenilənən xəbər lenti, özünəməxsus xəbərləri və güldürən-düşündürən karikaturaları oxucuların diqqətini cəlb etməyə başladı. Sentyabrın 18-də isə Sport7.az-da ilk köşə yazımı oxucularımızın ixtiyarına verdim. Başlığını da dəqiq xatırlayıram: "Sürüşdü birdən-birə...” AFFA-nın əlində bayraq etdiyi FİFA-nın reytinq cədvəlindən yazmışdım. Foqtslu yığmamızın ilk 100-lüyə daxil olmasını xeyli bayram etmişdilər. Uzun müddət sinəmizə döymüş, futbolumuzun inkişafına sevinmişdik. FİFA sentyabr üçün reytinq cədvəlini açıqlayanda özümüzü 120-ci pillədən də aşağıda görmüşdük. Dəydik üz üstə yerə... Hələ də qalxa bilməmişik.

Davam edirik. Elə başladığımız prinsiplərlə, inandkarlıqla, özünəməxsusluqla. Saxta reytinq yarışmalarına, ucuz şoulara qatılmadan, Sport7.az-ı düz söz danışan hər kəsin üzünə açıq tribuna kimi saxlayaraq. Hələ irəlidə görüləcək işlər çoxdu. Davam edəcəyik, nə qədər gücümüz var.

Bu illər ərzində bizimlə birlikdə addımlayan, sonradan yollarımızı ayırmalı olduğumuz əməkdaşlara da, son iki ildə çiyinlərini ağır yükün altına verən, çətinliklərə mərdliklə sinə gərən hazırkı kollektivimizə də bir təşəkkür borcumuz var. Ötən dörd ildə saytın bütün qayğısını çəkən, bizə nəinki rəhbər, həmçinin də dost və arxa-dayaq olmağı bacaran Zahir Əzəmətə də xüsusi təşəkkürlər. Sözsüz ki, bu əlamətdar gündə özümüzə dost saydığımız dəyərli həmkarlarımızı da, bizimlə birlikdə addımlayan sadiq oxucularımızı da unutmuruq. Hamınız çox sağ olun. Sizinlə birlikdə Sport7.az da yaşayacaq, güclənəcək və irəliyə doğru addımlayacaq.

4 yaşımızı tamamladıq. 5-ə bir şey qalmadı. 5 illik yubileyimizi daha yaxşı əhval-ruhiyyə və geniş miqyasda qutlamaq diləyi ilə!