Xəbər lenti

Makron gerçəkdən Ukraynaya qoşun göndərə bilər, yoxsa blef edir? (ŞƏRH)
Dünya 11:30 04.05.2024

Makron gerçəkdən Ukraynaya qoşun göndərə bilər, yoxsa blef edir? (ŞƏRH)

"Makronun Ukraynaya qoşun göndərmək fikri daha çox Rusiyanı dayandırmaq və sülh danışıqlarına başlamaq xarakteri kəsb edir". 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Fransa prezidenti Emmanuel Makronun Rusiya hərbçiləri cəbhə xəttini yarıb keçərsə, Parisin Kiyevin istəyilə öz qoşunlarını Ukraynaya göndərə biləcəyi barədə səsləndirdiyi fikrini şərh edərkən deyib: 

"Hələlik Makronun bu təklifləri sözdən o tərəfə keçmir. Üstəlik təklifin Ukraynanın istəyinə bağlanması da daha çox Parisin özünü ifşa edir. Məgər Kiyev Fransa və digər ölkələrin qoşunlarının Ukraynaya gəlməsi və müharibəyə müdaxiləsinə qarşıdır? Əslində, Ukrayna NATO-nun birbaşa prosesə müdaxiləsini uzun zamandır ki, tələb edir. Amma NATO birbaşa olaraq Rusiya ilə qarşıdurmaya getmək istəmir. Sadəcə, kənardan Ukraynaya dəstək verib, prosesi uzatmaq, belədə Rusiyanı yormaq, zəiflətmək və tamamilə gücdən salmaqla özlərinin geosiyasi maraqlarını təmin etmək istəyirlər". 
 


Bu səbəbdən də həmsöhbətimiz Makronun həmin fikrini Fransanın gerçəkdən müharibədə iştirak istəyi kimi qəbul etmir: 

"Bu sadəcə, Moskvaya xəbərdarlıqdır ki, apardığı hücum əməliyyatları ilə çox da irəli getməsin. Bu isə çəkindirici məqamdır. Ona görə Makronun dedikləri hələlik yalnız sözdə mövcuddur. Əməli fəaliyyətdə isə bunu görmürük. Bu günə qədər Kiyevin istədiyi bütün strateji silahlar verilsəydi, tamamilə fərqli nəticələrdən danışa bilərdik". 

Qeyd edək ki, Makron növbəti dəfə ölkəsinin Ukraynaya qoşun göndərməsi ehtimalından danışıb. O, "The Economist" nəşrinə müsahibəsində Rusiya hərbçiləri cəbhə xəttini yarıb keçərsə, Fransanın Kiyevin istəyi ilə öz qoşunlarını Ukraynaya göndərə biləcəyini diqqətə çatdırıb: "Amma indiyədək Ukraynadan belə bir müraciət daxil olmayıb".

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->