Siyasət 13:19 19.08.2014

9 milyonluq xalqın 10 milyonluq satqını

Pərviz Əzimov

Azərbaycanlıların ən sevdiyi işlərdən biri də “aradakı satqın”ı axtarıb tapmaqdır. Bu, bütün sahələrdə belədir. Hətta kəndimizdəki Salman adlı fermer də qonşu kənddən olan oğruların onun qoyunlarını oğrulamasını qonşuluqda "satqın"ın yaşaması ilə izah etmişdi. Salman kişi deyirdi ki, qonşulardan kimsə qoyunların yerini oğrulara “satıb”. 

Tarix boyu biz həmişə satqın axtarmışıq. Məsələn, Nəriman Nərimanovun Dağlıq Qarabağın muxtariyyət olmasına imza atmasını hamı satqınlıq kimi dəyərləndirir. Kimsə belə bir iddia irəli sürmür ki, “Bəlkə, Nərimanov ölkənin xilasını bunda görürdü...” 

Yəni bu ölkədə heç kimin fərqli düşünmək haqqı yoxdur. Fərqli düşünmək satqınlıqdır.

Liberal düşüncəli insanlar Avropaya və ya Ermənistana, inanclı insanlar İrana, sosialistlər Rusiyaya, millətçilər isə Uyğur vilayətinə "satılıb". 

Siyasi çevrədə “satqın” dedektorları isə daha fəaldır. Bu həm hakimiyyət tərəfdən, həm də müxalifət tərəfdən belədir. Məsələn, ölkədəki siyasi məhbusların bu vaxta qədər xeyli hissəsi “vətənə xəyanət” maddəsi ilə həbs edilib. Yəni kimi aşağılayıcı formada həbs etmək istəyirlər, deyirlər "vətən xaini"dir.

Bu təkcə hakimiyyət tərəfdən belə olsa dərd yarıdır. Sizi əmin edərəm ki, ölkədə heç MTN o qədər “xain” müəyyənləşdirməyib, Azərbaycan siyasi müxalifəti, xüsusən AXCP o qədər xain müəyyənləşdirib. 

2012-ci ilin aprel ayının sonları idi. O vaxt ölkədə fəaliyyət göstərən bir neçə gənclər təşkilatı “aprel məhbusları”nın azad edilməsi istiqamətində iş görmək üçün Gənclərin Hüquqların Müdafiə Komitəsi adlı birlik yaratmışdı. Birliyin 9 nəfərdən ibarət idarə heyəti üzvü var idi. Mən də o vaxt Dalğa Gənclər Hərəkatının təmsilçisi kimi idarə heyətində idim. Həmin il martın 17-də gənclər ölkə tarixində ilk dəfə olaraq icazəli mitinq keçirmək qərarını qəbul etdi. Mitinq keçirildi, yaxşı və pis tərəfləri ilə birgə bu mitinq ölkədəki siyasi prosesləri aktivləşdirdi. Bunun ardınca İctimai Palata icazəli mitinq qərarları verdi. Aprel ayında İP-nin 2 mitinqi oldu. Birinci mitinqə nisbətən, ikinci mitinqdə aktivlik daha az idi. GHMK olaraq yenidən toplandıq, mayın 26-da ölkədə keçiriləcək Eurovision yarışmasının finalına qədər 1 mitinq keçirmək şansımız qalmışdı və qərara aldıq ki, İP-də əsas partiyalar olan AXCP və Müsavat liderləri ilə görüşək. Təqribən 6 gənc Əli Kərimli və İsa Qəmbərlə görüşdük.

Məqsədimiz bu idi ki, iki partiya lideri ilə razılaşma əldə edək və son mitinqi yenidən gənclər olaraq biz keçirək. Müsavat başqanı təklifimizlə bağlı bir neçə sual verdikdən sonra, bizimlə razılaşdı. Növbə gəldi Əli Kərimliyə. Əli Kərimli dedi ki, siz nə deyirsiz?! İndi ekspriment zamanıdır ki, gah siz mitinq edəsiniz, gah biz? Biz 15 günə hakimiyyətə gəlirik, siz isə deyirsiniz icazə verin biz mitinq edək. 

Hamı bir-birinə baxdı. Gənclərdən kimsə sual verdi ki, Əli bəy necə gələcəksiniz hakimiyyətə? Dedi ki, mən çox pozitivəm. Məsələn, Pünhan İmanlı (o vaxtın VHP Gənclər Təşkilatının sədri) burdadırsa, bu o deməkdir ki, Sabir Rüstəmxanlı da meydana qayıdacaq, Cəmil Hacıyev (ADP) burdadırsa, bu o deməkdir ki, Sərdar Cələloğlu da prosesə qayıdacaq, Pərviz Əzimov burdadırsa (Dalğa) bu o deməkdir ki, Asim Mollazadə (DİP)  meydanlara qayıdacaq...

Bəli, hamımız şok içində idik, AXCP sədrinin danışığı affekt vəziyyəti yaratmışdı bizdə. İllərin müxalifət lideri gənclərə söz atırdı, Dalğa-nı Asim Mollazadəyə işləməkdə, Sabir Rüstəmxanlını meydanlardan qaçmaqda ittiham edirdi, mesaj verirdi və bu mesajın içindəki mesajla burda oturan gənclərə “hər an sizi xain, hakimiyyətə işləyən elan edə bilərəm" mesajı var idi.

Xain axtarışına sərf edilən enerjinin 10-da biri məhsuldarlığı artırmağa sərf edilsəydi, bu ölkədə demokratikləşmə istiqamətində görülən işlər bəlkə də gözlədiyimizdən çox effekt verəcəkdi. 

Son xainaxtarma durbinləri isə elan olunan son “siyasi məhbus” siyahısı ətrafındadır. Siyahının ilkin formasını hazırlayan Rəsul Cəfərov və Leyla Yunusun həbsindən sonra bu siyahı ətrafında müzakirələr başladı. 97 nəfərin adı olan bu siyahı ilə hamı razılaşmadı. Məsələn bəziləri iddia etdi ki, Yasamaldakı evdə həbs olunan bəzi Nurçular siyasi məhbus deyil, bəziləri iddia etdi ki, filan adam həqiqətən rüşvət üstündə tutulub. Etiraz edənlərin heç biri demədi ki, (hakimiyyət xaric) Nida-çılar, Realçılar, hüquq müdafiəçiləri, jurnalistlər, müsavatçılar siyası məhbus deyil, müzakirə tamam başqa mövzuda idi. Bu arada qeyd edim ki, məsələyə müzakirə adı veridyim üçün üzr istəyirəm. Müzakirə yox, qarşılıqlı ittihamlar və təhqirlər... 

Anında 97 nəfərlik siyahıya korrektə edilməsini təklif edənlər xain elan olundu. Yuxuma da girməzdi ki, Əvəz Həsənov xain elan olunsun. Ancaq bu da oldu. Nəyə lazımdır bu? Dəyirmi masa təşkil edib, hamını ora dəvət edib, açıq müzakirə təşkil etmək olmazdımı? 

Rəşid Hacılı bəyanat verdi ki, bu siyahı hazırlananda bizimlə müzakirə edilməyib və buna görə də biz siyahını tam dəstkləmirik və orda bizim adımız çıxarılsın. Dərhal Rəşid Hacılıya satqın damğası vuruldu. Axı Rəşid Hacılını bir anın içində belə linç etmək olmaz. Çoxumuzun hüquqları uğrunda mübarizə aparıb, pulsuz vəkillik eidb, hesabatlar hazırlayıb. Bu ölkədə 9 milyon xalq var, ancaq təqribən 10 milyon "satqın" elan olunub. Hamı bir-birinə ya xain ya da potensial xain gözü ilə baxır.

P.S. Əminəm bu yazıdan sonra mən bir daha satqın elan ediləcəyəm. Təşəkkürlər!