Sağlamlıq 23:20 04.03.2018

Ağ dişlər heç də sağlamlıq əlaməti sayılmır

Əksəriyyətimiz Hollywood aktyorlarının fəxrlə nümayiş etdirdiyi parıldayan ağ gülüşə malik olmaq istəyərik. Tədqiqatlar göstərir ki, insanların 15-52 faizi dişlərinin rəngini bəyənmir.

ABŞ kimi bir çox ölkələrdə diş ağardılması ən çox istənilən diş müalicələrindən biridir. İnci kimi düzülən bəyaz dişlər gözlərimizi jurnal və kinoteatr ekranlarından qamaşdırırlar.

Buna görə də ağ dişlərin cəlbedici olduğu qədər, sağlam olduğunu düşünmək heç təəccüblü gəlmir. Dişlərimizin rəng tonu onların daxili rəngindən asılıdır. Bunun bir hissəsi genlərimiz və yaşımızdan asılı olduğu halda, qalanı siqaret, qida, içki və müəyyən dərmanların yaratdığı ləkələrinə görədir.

Yaşlandıqca mina qatı yeyilərək altdakı dentini üzə çıxarır və dişlər saralır.

Yaşıl ləkə

Daha sonra ləkələr saralan dişin üzərində öz izini qoymağa başlayırlar. Məsələn pomidor əsaslı souslar və qəhvə xromogenlər adlı rəngli tərkib izi buraxır, bakteriya və ya kif yaşıl, bozumtula çalan ləkələr qoyurlar.

Diş rəngi ilə bağlı eksperimentlərin bir çoxu canlı insanların dişləri yox, laboratoriya sınaq borularında aparılıb. Adətən tədqiqatçılara işləmək üçün geniş səth imkanı verən inək dişlərindən istifadə olunur. Bəzən isə çıxarılmış insan dişlərinin üzərində də araşdırma aparılır.

New York Universitetindən Mark Wolff tərəfindən aparılan bir tədqiqatda inəyin dişləri 60 dəqiqə qara çayda, qırımızı və ya müxtəlif konfiqurasiyalı ağ şərabda saxlanılıb. Qırmızı şərabın daha çox ləkə saxladığı heç kəsi təəccübləndirməyib.

Qara çay isə çox maraqlıdır ki, ləkə buraxmayıb. Yalnız qara çaydan əvvəl ağ şəraba batırılan dişlərdə qara çay iz qoyub. Görünür ki, şərabın turşu tərkibi minanı daha məsaməli etdiyinə görə çayın izi qalıb.


Çay və qəhvə fincanın içində ləkə qoyduğu qədər, dişləri də ləkələyir

Bu qida və içki əsaslı ləkələr dişlərin rəngini dəyişə bilər, amma bu dişlərin sağlam olmadığı mənasına gəlmir. Sədəf kimi ağ dişlərə sahib olub, diş əti infeksiyası və ya deşiklərdən əziyyət çəkmək mümkündür.

Eləcə də, sarımtıl və ya qəhvəyi tonlu, lakin mükəmməl dərəcədə sağlam dişləriniz ola bilər.

Qara ləkə

Bir ləkə növü də var ki, tədqiqatçılar onun dişləri çürüməkdən qoruduğuna inanırlar. Bu, diş əti ilə dişlərin bitişdiyi sıra boyunca görünən qara xətdir. Qara nöqtələr sırası kimi də görünə bilər. Buna "qara ləkə" deyirlər.

Qara ləkənin səbəbləri yarım əsrdən çoxdur dəqiqləşməsə də, onun kalsium, fosfat, müxtəlif bakteriyalar və müəyyən növ dəmir yaxud mis tərkibinin birləşərək qara çalar yaratması ilə formalaşdığı düşünülür.

Bəzi araşdırmalarda isə qara ləkəli dişi olan uşaqlarda diş çürüməsi şansının aşağı olduğu müəyyənləşib. Ləkədəki mikrobların müdafiə əhəmiyyəti daşıdığı zənn edilir.

Əlbəttə ki, bəzi hallarda rəng dəyişməsi çürümə və ya başqa xəstəliyə işarə olur. Buna görə də diş həkimində ləkəni yoxlatdırmağa dəyər. Lakin ağ, amma sağlam olmayan dişlərə malik olduğumuz qədər, ağ olmayan sağlam dişlərə malik olmaq da mümkündür.

Bəs dişlərinizin sağlamlığından asılı olmayaraq, parlaq ağ təbəssümə malik olmaq istəsəniz necə?

Diş məcunu, iplər, gellər və dişin ətrafına örtük taxmaq kimi diş ağardılması üsulları mövcuddur. Onların əksəriyyətinin tərkibində ləkləri silən, yaxud ağardan aşındırıcı maddələr və ya hər ikisi olur. Bəzilərində isə mavi çalar var ki, dişin sarımtıl rəngi ilə birləşib daha ağ rəng əmələ gətirir.


Peşəkar diş ağartma müalicələri adətən evdə tətbiq edilən üsullardan daha güclü olurlar

Professional diş ağartma müalicələri adətən evdə tətbiq edilən üsullardan daha güclü olurlar

Professional müalicələrdə ev üsulu ağartmadan fərqli olaraq, daha güclü ağardıcılardan istifadə olunur. Amma effektivliyin dəyişdiyi də görünür. Ağartma bəzi insanların diş və diş ətlərində müvəqqəti həssaslıq yarada bilər.

Və əlbəttə ki, müalicəni dayandırdığımız təqdirdə ağlıq ancaq ləkə yaradan qida və içkiləri qəbul edənə qədər qalacaq.

Amma ən azından indi bildik ki, bəmbəyaz Hollywood təbəssümünə malik olmamaq sağlam olmayan dişlər mənasına gəlmir.

Mənbə: BBC