Siyasət 17:43 01.06.2013

Ağac dediyin...


Jalə İsmayıl



Ağac dediyin həyatın özüdür.

Baltaya sap olar, soydaşlarını qırıb-çatar.

Çomaq olar, keçinin əcəli çatanda sürtər buynuzunu ona.

Ağac salavey olar, ağacdan qoz salarsan, tut çırparsan.

Ağac oksigen olar, ciyərlərdə bayram başlar.

Ağac ocaq olar, istisinə qızınarsan, tüstüsünə kor olarsan.

Ağac dar ağacı olar, asılarsan, yox olarsan.

Ağac sevgilinin adını qazımağa ən layiqli divar olar.

Ağac yolda durar, yar gələn yola kölgə salar.

Ağac bar gətirər, nemət olar.

Ağac taxta qapı olar, dəmir darvazalar qarşısında qürurla durar.

Və ağac dediyin bir azad həyat üçün hamını ətrafında toplayacaq qədər qüdrətli olar!

Qayıdıb ağacamı tapınaq?

Ağac həyatın özüdür.

Ağaca qəsd olmaz, eheeeyyy, taxtabaş diktaxtalar!