İdman 16:28 22.10.2019

Ağasəlim Mircavadov: "Meydança üçün çox darıxıram"

Bu gün Azərbaycanın əməkdar məşqçisi, ölkə başçısı tərəfindən Şöhrət ordeni və Prezidentin fərdi təqaüdünə layiq görülən futbol mütəxəssisi Ağasəlim Mircavadovun 72 yaşı tamam olur. 

Sport7.az Ağasəlim müəllimin həm ad gününü təbrik edib, həm də duyğularını öyrənib. Həmin müsahibəni təqdim edirik:

- Ağasəlim müəllim, əvvəlcə sizi ad gününüz münasibəti ilə təbrik edib, uzun ömür, can sağlığı arzu edirik. Arxada qalan illəri yada salanda ən çox nəyə görə fəxr edir, nəyə təəssüflənirsiniz?
- Çox yaxşı xatırlayıram o günləri. Mən iki dövr keçmişəm, biri sovet dönəmi, biri müstəqillik. Həm iş barəsində, həm bir-birilərinə hörmət barədə fərq böyükdür. Qiymət verməkdən əlavə, məşqçi müəllim deməkdir, məşqçi sözünün önəmi vardı. Sovet dönəmində buna çox fikir verirdilər. Müstəqillik dönəminin ilk illərində də o ab-hava qalmışdı. Məqşçi sözü qürurlu sözdür, onun imici var. O dönəmlərdə biz o imici qoruyub saxlayırdıq, məsuliyyət ağır idi. Amma təəssüflər olsun ki, indiki zamanda o imici saxlamaq çətindir. 

- Bunun səbəbi nədir?
- Həyat eyni həyatdır, biz dəyişməliyik. Elə birinci özümdən deyim, çox şeyi dəyişmişəm. Bir yerdə dayanmaqla olmaz, yaş artsa da, öyrənmək yaxşı şeydir. Bu gün yaxşı məşqçilərimiz var. İndi şərait daha yaxşıdır, öyrənmək barəsində imkan daha çoxdur. Biz cavan vaxtımızda çox şey öyrənmək istəyirdik. Utanmırdıq, soruşurduq. O vaxt sənə öyrətmirdilər. Amma bu gün kimsə mənə zəng edib nəsə soruşsa, canla-başla cavablayaram. Çünki onlar Azərbaycan məşqçiləridir, mənim doğmamdırlar. Bilik lazımdır, cavanlar öz üzərlərində işləyib, çox öyrənməlidirlər, utanmasınlar soruşsunlar. Dünya futbolunda, xüsusilədə Avropada çox dəyişikliklər var, onlardan geri qalmayaq. İşləmirəm deyə, mən öyrənməyim deməmək lazımdır. 

- Övladlarınız-nəvələrinizdən yolunuzu davam etdirən varmı?
- Yoxdur. İki oğlum var. Böyük oğlum 1994-cü ildə U-17 millimizdə oynayırdı. Mən də həmin vaxtlar əsas millinin baş məşqçisi idim. O, mənə dedi ki, ata mən istəmirəm desinlər ki, atasına görə oynayır. Mən onun fikri ilə razı idim. Bilirsiniz axı, biz də elə söhbətlər olur. Oğul, qərar sənindir dedim. Bu sahədə onlara azadlıq vermişəm. 

- Neçə ildi aktiv məşqçi fəaliyyətiylə məşğul deyilsiniz. İşləmək üçün darıxırsınızmı?
- Darıxıram...Çox darıxıram.... Artıq 9-cu ildir. Son 4-5 ildə Məşqçilər Komitəsi ilə gedib aşağı yaş qrupundan olan yığmalarımızın məşqinə baxırıq. Yerli məşqçilər işləmək istəyir. Bu çox gözəl fikirdir. Biz də nə lazımdır deyirik. Ancaq biri də var ki, meydançada olasan. Darıxıram. Elə məşqçilər var ki, meydança onun üçün həyatdır. Mənim "Spartak" stadionunda  məşqçim Ənvər müəllim olub. Son günlərinə kimi meydançada oldu. O deyirdi ki, oturacaq mənlik deyil, mənimki meydançadır. İndi də var elə insanlar. Məsələn, Rusiyada buna fikir verirlər, amma bizdə fikir verən yoxdur. "Dinamo" (Moskva) klubunun baş məşqçisi Xoxlovu yolladıqdan sonra çoxları onun yerinə Valeri Qazzayevi istəyirdi. Qazzayev Rusiya Dumasının deputatıdır, Putinlə birbaşa əlaqəsi olan adamdır, idman şöbəsinin böyüyüdür. Neçə ildir məşqçi kimi işləmir. Bu yaxınlarda onun müsahibəsini oxudum, hiss olunur ki, o da darıxıb, işləmək istəyir. Məşqçi üçün meydança, top başqa şeydir, həyatdır. 

- Son günlər Həmkarlar İttifaqı gündəmdədir... Ora qoşulmaq təklifi almısınızmı? Ümumiyyətlə, bu barədə nə düşünürsünüz?
- Nazim Süleymanov yaxşı insan və yaxşı məşqçidir. Düzü, onlar mənə zəng etməyiblər. Amma bu yaxınlarda istəyirəm Nazimlə görüşəm. Bu məsələ ilə bağlı istəyirəm onunla açıq danışaq. Düzdür, onların iş sistemini bilmirəm. Amma bildiyim qədərilə Həmkarlar İttifaqı hansısa qurumun tərkibində olmalıdır, bu qanundur. Və belə öz işini görməlidir. Həmişə deyirəm, yenə də deyirəm, biz veteranlar bir olmalıyıq və Azərbaycan futboluna xidmət etməliyik. O demək deyil ki, mən işləmirəm, mənə lazım deyil. Bu iş üçün can vermişiksə, futbolumuzun inkişaf etməsini istəyiriksə, iş görməliyik. Əsas o deyil ki, pul olsun... Xeyr... Mən bunu səmimiyyətimlə deyəcəm. 4-5 nəfərin adını çəkə bilərəm, Aydın müəllim, Şakir müəllim, Şahin müəllim elə olub ki, yığmada, ya hansısa klubda pulsuz işləmişik. Məsələn, "Qarabağ"da çalışdığım 5 ildə 3 ilə yaxınını pulsuz işləmişəm. Qaçqın komanda idi, gah Mingəçevirdə qaldıq, gah Bakıda, gah Əli Bayramlıda,  amma biz istədik ki, "Qarabağ" klubu yaşasın. Yaşadı da... Sağ olsun, Ağdam camaatı, işçiləri, futbolçular, canla başla işlədilər. Bu gün də, maşallah "Qarabağ" yaxşı yerlərdə oynayır. Yəni, bu gün biz bir olmasaq, heç bir irəlləyiş olmayacaq.