Dünya 14:17 17.09.2013

Abbas Abbasov qələbəni qeyd etdi

Baş nazirin keçmiş I müavini Mahaçqalada Dağıstan Xalqlarının Birliyi Gününə qatıldı; Ramazan Abdulatipov onu “Heydər  Əliyevin ən görkəmli silahdaşı” kimi təqdim etdi

Baş nazirin keçmiş birinci müavini, “Milyarderlər ittifaqı” adını alan Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının və Rusiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyəti “AzerRos”un Ağsaqqallar Şurasının sədri Abbas Abbasov Dağıstanda bayram tədbirlərinə qatılıb.

Virtualaz.org “AzerRos”un saytına istinadən xəbər verir ki, hər il sentyabrın 15-də qeyd olunan Dağıstan Xalqlarının Birliyi Gününə onu bu Qafqaz respublikasının prezidenti, “Milyarderlər ittifaqı”nın digər üzvü Ramazan Abdulatipov şəxsən dəvət edib.

Dağıstan Xalqlarının Birliyi Günü İran şahı Nadir şahın qoşunları üzərində 1741-ci ildə qazanılmış qələbənin ildönümündə qeyd edilir. Mahaçqalanın “Trud” stadionunda təşkil edilmiş bayram tədbirlərində çıxış edən Ramazan Abdulatipov deyib: “Əziz dağıstanlılar, əziz qonaqlarımız. Bizə dostumuz, Heydər Əliyevin görkəmli tərəfdaşı Abbas Abbasov təşrif gətirib”.

Abdulatipov çıxışında Dağıstanda yaşayan çoxsaylı xalqların birliyindən və Rusiyanın tərkibində yaşamaları ilə fəxr etməsindən bəhs edib.

Qaynar.info