Siyasət 16:22 21.05.2014

Abbas Abbasovdan Moskvada fövqəladə toplantı

“Azerros” Ağsaqqalar Şurasının sədri, Baş nazirin sabiq 1-ci müavini Abbas Abbasovun sədrliyi ilə Moskvada fövqəladə toplantı keçiriləcək.

Məlumata görə, toplantı Moskva şəhəri, Novaya Basmannaya küçəsi 4 ünvanında yerləşən Millətlər Evində baş tutacaq. Tədbir mayın 26-a nəzərə tutulub.

Tədbirin Rusiya-Azərbaycan münasibətlərinə həsr edildiyi deyilir. Hətta tədbirin gündəliyi də müəyyənləşib. Gündəliyə Azərbaycan-Rusiya münasibətlərinin indiki durumu, Rusiya ilə münasibətlərdə diasporun rolu, Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsi kimi məsələlər daxildir.

Amma bütün bunlar tədbirin rəsmi tərəfləridir. Söhbət ondan gedir ki, tədbirə Rusiyada yaşayan Azərbaycan diaspor liderləri ilə yanaşı, Bakıdan da qonaqlar dəvətlidir. Bundan başqa, çox maraqlıdır ki, Avropada məskunlaşan mühacirlərdən ibarət Haqq və Ədalət təşkilatının nümayəndələri də Moskva toplantısına dəvət alıblar. Xatırladaq ki, keçən il Milyarderlər İttifaqı yaradılanda da bu qurum dəstək verənlər arasında idi.

Mənbənin dediyinə görə, toplantının rəsmi hissəsindən sonra “Azerros”un Krasnaya Presnya küçəsi-24 ünvanında Abbas Abbasovun rəhbərliyi ilə dar dairədə məsləhətləşmələr aparılacağı nəzərdə tutulub. Burada hansı məsələlərin müzakirə edilməsi isə məxfi saxlanılır.//axar.az