Siyasət 12:19 11.06.2013

Abgül Süleymanov Milli Şuradan istefa verib?

Akif Heydərli: “Abgül Süleymanovun həmin qurumdan uzaqlaşmasını həqiqətə nə dərəcədə uyğun olmasını dəqiqləşdirmək lazımdır”

Natiq Ədilov: “Abgül Süleymanov hələ heç Milli Şuranın tərkibinə qatılmayıb”


Həbsxanada olan ruhani Hacı Abgül Süleymanov adının Milli Şuranın siyahısından çıxarılmasını istəyib. Bu barədə məlumatı musavat.com yayıb.

Yayılan xəbərə münasibət bildirən İslam Partiyasının siyasi məsələlər üzrə müavini Akif Heydərli bu barədə məlumatsız olduğunu deyib. O, Qaynar.info-ya açıqlamasında deyib ki, Milli Şuradan kənarlaşma müraciət əsasında olur: “Orada din xadimlərinin də adı var. Amma Abgül Süleymanovun həmin qurumdan uzaqlaşmasının həqiqətə nə dərəcədə uyğun olmasını dəqiqləşdirmək lazımdır. Çünki Abgül Süleymanovla birbaşa ünsiyyətimiz olmadığına görə bunu dəqiqləşdirə bilmirik. Amma çalışacağıq ki, onunla əlaqə yaradaq və məsələni dəqiqləşdirək”.

A.Heydərli təmsil etdiyi partiyanın Milli Şuranı dəstəklədiyin bildirib: “Milli Şuraya qoşulmaqla bağlı bizə təklif gəlib. Etiraz olunmayıb. İslam Partiyasının sədri Elçin Manafov da orada təmsil olunur”.

Milli Şuranın üzvü, AXCP mətbuat katibi Natiq Ədilov isə “Yeni Musavat”a bildirib ki, Hacı Abgülün qurumdan imtina etməsi haqda məlumat doğru deyil. Onun sözlərinə görə, Hacı Abgülün adı Milli Şura üzvlüyünə təklif olunan siyahıda olub: “Çoxları xəbərsiz ola bilər, amma bu faktdır ki, Abgül bəy cəzaçəkmə müəssisəsinə göndəriləndən "kars"da olub. Onun ətraf mühitlə təması tam məhdud olub. Hətta yaxınları ona yemək verə bilmirdi. Yəni o, tam informasiya blokadasında olub. Buna görə də onun bayırda hansı proseslərin baş verməsindən xəbərsiz olması başadüşüləndir. Abgül Süleymanov hələ heç Milli Şuranın tərkibinə qatılmayıb. Bir çox dəyərli fəal vətəndaş kimi onun da adı Milli Şuranın layihə sənədində olub. Ona bu təklif çatanda isə çox gec olub, çünki həmin vaxt Hacı Abgül yenicə Bakı İstintaq Təcridxanasına köçürülmüşdü. O da düşünmək və baş verənlərlə bağlı təhlil aparmaq üçün möhlət istəyib. Yəni onun adı sadəcə layihədə olub, yekun qərarı olmayıb. Ancaq eyni zamanda Hacı Abgül bundan əvvəl də müxalifətin birlik təşəbbüslərini dəstəkləyib və bunlara isti yanaşıb. Ümidvaram ki, biz yaxın günlərdə onun dəqiq mövqeyini keçiriləcək məhkəməsində biləcəyik və şübhə etmirəm ki, bu mövqe MŞ ideyasının lehinə olacaq".

İlkin
Qaynar.info