Siyasət 16:57 15.04.2013

ABŞ Azərbaycana yardımı niyə azaldıb?

“ABŞ-ın Azərbaycana yardımının azaldılması bu ölkənin büdcə problemləri ilə əlaqədardır”.

APA-nın verdiyi məlumata görə, bu sözləri ABŞ Dövlət Departamentinin Avropa və Asiya məsələləri üzrə bürosunun Qafqaz və regional münaqişələr üzrə ofisinin direktoru Castin Fridman Gəncədə jurnalistlərə müsahibəsində bildirib.

O qeyd edib ki, ABŞ demokratik ölkədir və burada büdcə məsələləri Konqres tərəfindən təyin edilir: “Büdcənin azalması, daha doğrusu, ABŞ vətəndaşlarının vergi vermək arzusu və həmin verginin necə xərclənməsi barədə qərarı da xalqın seçdiyi Konqres verir. Ümumilikdə ABŞ-da büdcə azaldığına görə xüsusi ölkələrə yardımın məbləği də azalıb”.

Qeyd edək ki, C.Fridmanın başçılıq etdiyi nümayəndə heyətinin Gəncəyə səfərində məqsəd iqtisadi, sosial və insan haqları istiqamətində müzakirələr aparmaqdır. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşdə əmlak məsələləri, QHT-lərin fəaliyyəti və s. məsələlər barədə müzakirələr aparılıb.

Nümayəndə heyətində ABŞ Ədliyyə Departamentinin məsul işçisi Katrin Nilkom, ABŞ Dövlət Departamentinin İnsan Hüquqları və Demokratiya bölməsinin məsul işçisi Vendi Silvermen, ABŞ-ın Azərbaycandakı səfirliyinin İnsan hüquqları üzrə mütəxəssisi Erik Piterson daxil olub.

Qaynar.info