ABŞ-da AXC-nin 100 illiyinə həsr olunan avtomobil yürüşü təşkil olunub.

Qaynarinfo-nun Trend-ə istinadən məlumatına görə, Azərbaycan-Amerika Qadın Cəmiyyətinin və Nyu York Azərbaycan evinin rəhbəri Minəvvər Vahabovanın təşkilatçılığı ilə ABŞ-da "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” kampaniyası çərçivəsində silsilə tədbirlər keçirilib.Tədbirlər Nyu York şəhərində bir neçə yerdə təşkil edilib.

Belə ki, mayın 20-də Nyu York və ətraf ştatlarda yaşayan həmvətənlərimiz "Times Square”də bir araya gələrək dünya azərbaycanlılarına AXC-nin 100 illiyi münasibətilə təbrik mesajlarını da göndəriblər. Soydaşlarımız əllərində Azərbaycanın 1918-20 illərindəki xəritəsi olan posterlər və bayraqlar tutaraq videogörüntü vasitəsilə öz ürək sözlərini deyiblər. Həmvətənlərimiz, eyni zamanda Nyu Yorkda yerli xalq arasında AXC haqqında məlumatlandırma aparıblar.

Sonra Nyu York şəhərinin Manhetten bölgəsindən Bruklin bölgəsinə AXC-nin 100 illiyinə həsr olunan avtomobil yürüşü təşkil olunub. Yürüşdə iştitak edən avtomobillərdə Azərbaycana aid nömrə nişanları ("Azerbaijan”, "Baku”, "Baku10”, "Baku55”, "Baku26”, "Agdam” və s.) xüsusi yer alıb.

Daha sonra isə soydaşlarımız AXC-nin 100 illiyini bayram şənliyi ilə qeyd ediblər. Mərasimdə Azərbaycan musiqiləri səslənib, qonaqlara milli mətbəxmizə aid təamlar təqdim olunub.