Dünya 13:08 20.01.2018

ABŞ-da büdcə böhranı: hökümət fəaliyyətini dayandırdı

ABŞ-da Respublikaçılarla Demokratlar arasında yaşanan fikir ayrılığı hökümətin bağlanmasına, dövlət müəssisələrinin fəaliyyətini dayandırmasına səbəb olub.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, prezident Donald Tramp hakimiyyəti 4-cü müvəqqəti büdcəsini Senatda təsdiq edə bilməyib. Səsverməyə çıxarılan büdcə lazım olan 60 səsi qazana bilməyib. Demokratlar və hakim Respublikaçılardan 2 nəfər bu büdcənin qəbuluna qarşı çıxıb. 

Böhran, bu gündən etibarən milyonlarla dövlət işçisinin pulsuz işləməsinə və ya məcburi tətilə göndərilməsinə səbəb olacaq. Sonuncu belə hadisə sabiq prezident Barak Obama dövründə yaşanmışdı. 

Demokratlar Partiyasının büdcə qəbuluna qarşı çıxmasının əsas səbəbi Trampın DACA proqramını ləğv etməsidir. Proqram, uşaq yaşında ölkəyə gələn miqrantların deportasiyasını qadağan edirdi. 

Hökümətin bağlanmasından sonra açıqlama verən Ağ Ev sözçüsü Sara Sanders Demokratları siyasəti dövlət təhlükəsizliyindən üstün tutmaqda ittiham edib. 

Qeyd edək ki, 2013-cü ildə yaşanan böhran 16 gün davam etmiş və ABŞ dövlətinə 24 milyard dollar zərər vurmuşdu. Bu günə qədər 12 oxşar hadisə baş verib.

Gülşən