Siyasət 19:38 17.04.2013

ABŞ-dan Azərbaycanla bağlı önəmli -MESAJ

Pentaqon nümayəndəsi: “Azərbaycan təhlükəsizlik sahəsində bir neçə mürəkkəb təhdidlə üzləşib”

ABŞ-ın müdafiə sahəsində təhdidlərin azaldılması Agentliyinin (DTRA) direktoru Kennet A. Mayers Azərbaycan səfiri Elin Süleymanovla iki ölkənin müdafiə sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib. APA-nın Pentaqonun mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, görüşdə kütləvi qırğın silahının yayılmaması təhlükəsinin azaldılmasına yönəlmiş birgə səylər barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, DTRA kütləvi qırğın silahı təhlükəsizə qarşı mübarizə, bu tip silahların ləğvi və ixtisarı sahəsində digər ölkələrlə əməkdaşlıq edir.

“Azərbaycanla bu layihələr üzrə münasibətlərimiz yaxşı inkişaf edir, bu sahədə uğurlarımızın böyük tarixi var. Azərbaycan təhlükəsizlik sahəsində bir neçə mürəkkəb və unikal təhdidlə üzləşib. Bizim əməkdaşlıq etdiyimiz bəzi məqamlar tərəfdaşlıq üçün əlavə imkanlar yarada bilər”, - deyə Kennet A. Mayers bildirib.

Səfir Elin Süleymanov qeyd edib ki, Azərbaycan kütləvi qırğın silahının yayılmamasına tərəfdardır: “Bu məsələdə həlledici məqam təhlükəli materialların - istər bəzi dövlətlər olsun, istərsə qeyri-dövlət subyektləri – destruktiv qüvvələrin əlinə keçməməsinə əmin olmaqdır”.

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi Azərbaycanla ölkənin müdafiə strukturlarında islahatların aparılması sahəsində əməkdaşlıq edir.

Qaynar.info