Siyasət 10:24 02.04.2013

ABŞ-dan rəsmi Bakının ittihamlarına cavab

“ABŞ-ın maliyyələşdirdiyi demokratiya layihələri hansısa siyasi partiyanı, yaxud ideoloji xətti maliyyələşdirmirlər”

ABŞ Dövlət Departamenti rəsmi Bakının Milli Demokratiya İnstitutunun Azərbaycandakı nümayəndəliyinə qarşı ittihamlarına cavab verib. 

ANS PRESS-in Dövlət Departamentinin internet saytına istinadən verdiyi məlumata görə, ABŞ-ın xarici siyasət idarəsinin sözçüsü Viktoriya Nuland bu barədə suala cavabında deyib ki, bu barədə rəsmi məlumata malik deyil: “Son günlər baş verənləri bilmirəm. Biz onları yoxlayacağıq. Lakin məlumdur ki, ABŞ-ın maliyyələşdirdiyi bütün demokratiya layihələri son dərəcə sərt qaydalar çərçivəsində fəaliyyət göstərirlər. Onlar konkret hansısa siyasi partiyanı, yaxud ideoloji xətti maliyyələşdirmirlər, bütün siyasi qüvvələrə qərəzsiz yanaşırlar”.

Xatırladaq ki, baş prokuror Zakir Qaralov ABŞ Milli Demokratiya İnstitutunun (MDİ) Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti ilə bağlı Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Riçard Morninqstara məktubla müraciət edib. Məktubda deyilir ki, mətbuatda nümayəndəliyin işində mövcud olan nöqsanlarla bağlı dərc olunmuş məqalələr cəmiyyətdə böyük ictimai rezonans doğurub. Prokurorluq orqanlarının apardığı araşdırmalar nəticəsində MDİ-nin ölkəmizdəki nümayəndəliyi tərəfindən fəaliyyətinin həyata keçirilməsi zamanı “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Qrant haqqında” Azərbaycan Respublikasının qanunlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.12.2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesablarının forması, məzmunu və təqdim edilməsi Qayda”sının tələbləri pozulmaqla, 23.07.2012-ci il tarixə kimi Bakı, Gəncə, Tovuz, Şirvan, Yevlax, Şəki, Xaçmaz və Cəlilabad şəhərlərində ofis və regional məlumat mərkəzlərinin müvafiq qaydada qeydiyyata alınmadan və akkreditə olunmadan fəaliyyət göstərərək qrantlar payladığı, hesabat dövr başa çatdıqdan sonra illik maliyyə hesabatlarının müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsi kimi qanunsuzluq hallarına yol verilib. Nümayəndəliyin rəhbəri Aleks Qriqoryevsin Beynəlxalq Bankda açılmış hesabından 02.03.2010-cu il tarixdən 13.12.2012-ci il tarixə kimi olan dövr ərzində 1.007.990.44 ABŞ dolları məbləğində pul vəsaitinin istifadə olunma təyinatı barədə məlumatlar verilmədən məxaric olunduğu müəyyən edilib.

Qaynar.info