Dünya 18:00 18.11.2018

ABŞ-ın ilk qadın seriyalı qatilinin həyatı: edam edilmək üçün yalan söyləyib

Eylin Vornas (Aileen Wuornos) ABŞ-in ilk qadın seriyalı qatilidir. Onun həyatına dair film də çəkilib. Filmdə bu obrazı aktrisa Şarliz Teron (Charlize Theron) canlandırıb. O cinayətlərini etiraf edərkən əvvəlcə bunun özünü müdafiə olduğunu deyib, lakin istintaq illərlə davam etdiyindən edam edilmək üçün cinayətlərini qəsdən törətdiyini söyləyib.

Qaynarinfo xarici mətbuata istinadən məşhur serialı qatilin həyat hekayəsini sizlərə təqdim edir:

Eylin Vornas 1956-cı ildə ABŞ-ın Miçiqan ştatında doğulub. Atası azyaşlıya təcavüz cinayətindən həbsxanaya düşüb və orada intihar edib. Anası isə iki uşağını ailəsinin yanına qoyub və bir daha onların üzünü görməyib. Vornas çox kiçik yaşlarında ailədaxili istismarla üzləşib.

Uşaq vaxtı təcavüzə məruz qalan Eylin 14 yaşında hamilə qalıb. Bu səbəbdən evdən qovulub və uşağı əlindən alınaraq, başqa bir ailəyə övladlığa verilib. Qalmağa bir yeri olmayan Eylin uzun müddət kolluq bir ərazidə yaşayıb, pulu da kişilərlə bərabər qazanıb.

O, bir gün Miçiqan ştatını tərk etmək qərarına gələrək, yollara düşüb. Dəfələrlə təcavüzə məruz qalıb. Getdiyi heç bir əyalətdə 2 aydan artıq qalmayıb. Floridaya gedərkən yolda bir yaxta klubunun sahibi olan 69 yaşlı Levis Qratz Fell (Lewis Gratz Fell) ilə tanış olub və onunla evlənib. Lakin Eylinin psixoloji vəziyyəti yerində olmadığından bir dəfə ərini döyüb və evləndikdən 1 ay sonra ayrılıblar.

Bundan sonra o, dəfələrlə həbs olunub. Narkotik istifadəçisi olduğundan, oğurluqla məşğul olub. 30 yaşı olanda istifadə etdiyi narkotik vasitələr səbəbindən paranoyaları daha da artmağa başlayıb.
 
Eylin 1986-cı ildə Tayria Muur (Tyria Moore) ilə tanış olub. Tayria bir lezbian idi və bu münasibət Eylinin bütün həyatını dəyişir. Bundan sonra o daha ciddi cinayətlərə yönəlir. 1989-cu ilə qədər, təxminən 4 il birlikdə olurlar. Eylin daha çox pul qazanmağa çalışırdı. Çünki yetərincə pulu olmasa, Tayrianın onu tərk edəcəyini düşünürdü. Və bir gecə ilk qurbanı Riçard Mellori (Richard Mallory) ilə tanış olur.

Mellori daha öncə təcavüzə görə cəza almışdı və Eylini döyür, ona işgəncələr verir. Bu səbəbdən də Eylin Mellorini qətlə yetirir. Təxminən 7 ay sonra Eylin ard-arda cinayətlər törədir və 1 ay ərzində 3 nəfəri öldürür. O, Mellorini özünü müdafiə etmək üçün öldürdüyünü desə də, sonrakı cinayətlərini oğurluq etdiyi üçün törədir

Bundan sonra daha 3 cinayət də törədir. Troy Buressi (Troy Burress), polis işçisi Çarlz Hamfreysi (Charles Humphreys) və Volter Ceno Antonio (Walter Jeno Antonio) adlı birini öldürür. Bu dövrdə isə Tayria Eylindən ayrılır və Eylin bu ayrılığın ardından daha diqqətsiz hərəkətlər etməyə başlayır.

Polisin apardığı əməliyyat nəticəsində o, saxlanılır və keçmiş sevgilsi Tayria onun bütün cinayətlərini polisə bildirir. Eylin 6 nəfəri öldürməkdə ittiham olunaraq birinci dərəcəli cinayətkar kimi həbs olunur. Cinayətləri rəsmən elan edildikdən sonra media onunla maraqlanmağa başlayır və bəzi polislər onun həyat hekayəsini satmaq istəyirlər.
 
Məhkəmə 1992-ci ilin 14 yanvarında başlayır. Eylin bütün cinayətləri özünü müdafiə etmək məqsədilə törətdiyini və onu bu vəziyyətə cəmiyyətin gətirdiyini deyir. O, törətdiyi bütün cinayətlərə görə ayrı-ayrılıqda mühakimə edilir və hamısında günahkar olduğu sübuta yetirilir. Ən böyük qorxusu ömür boyu azadlıqdan məhrum edilmək olduğundan edam oluması üçün ifadəsini dəyişərək cinayətlərini özünü müdafiə etmək üçün törətmədiyini deyir.

Bu ifadəsinin ardından ona 2 oktyabr 2002-ci ildə saat 9-da edam ediləcəyi bildirilir. Eylin edam olunduqdan sonra yandırılmasını və küllərinin meşəlik bir əraziyə səpilməsini istəyir. Ölümündən sonra vəsiyyəti olduğu yerinə yetirilir və külləri Miçiqana aparılaraq, kolluq bir əraziyə səpilir.
 
Çingiz Səfərli